Bank Of Baku

Son üç il yarım ərzində polis sistemində 565 əməkdaş cəzalandırılıb

Son üç il yarım ərzində polis sistemində 565 əməkdaş cəzalandırılıb
# 01 iyun 2009 15:01 (UTC +04:00)
Bakı – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri, səfir Əli Bilgə Cankoreli qəbul edib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir bildirib ki, Daxili İşlər Nazirliyi digər hüquq-mühafizə orqanları kimi, respublikada təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb. Bunun nəticəsi olaraq polisin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli layihələr həyata keçirilib. O, 1997-2007-ci illər ərzində BMT, Avropa Şurası və ATƏT tərəfindən Bakı şəhərində təşkil olunmuş, ən müxtəlif mövzuları əhatə edən 50-dən çox seminarda daxili işlər orqanlarının 2000-ə yaxın əməkdaşının iştirak etdiyini deyib. R. Usubov 2003-cü ildən etibarən ATƏT-in planlı şəkildə “Polisə Yardım Proqramı”nı həyata keçirməyə başladığını, bu məqsədlə DİN və ATƏT-in Bakı ofisi arasında 2 protokol imzalandığını, bir neçə layihələrin razılaşdırıldığını söyləyib. Nazir ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu vurğulayıb. R. Usubov vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə son üç il yarım ərzində 565 əməkdaşın cəzalandırıldığını diqqətə çatdırıb.

Ə. B. Cankorel də ATƏT-lə Daxili İşlər Nazirliyi arasında qarşılıqlı faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə verdiyini, uğurlu əməkdaşlığın gündən-günə inkişaf etdiyini və daha da dərinləşdiyini, təmsil etdiyi qurumun polisin fəaliyyətinin təkmilləşdirilməsində hər zaman maraqlı olduğunu, bu prosesə bundan sonra da yardımçı olacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR