Bank Of Baku

Ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə qəbul elan edilib

Ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə qəbul elan edilib
# 27 iyul 2009 08:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə qəbul elan edilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, magistraturanın boş qalmış plan yerlərinin sayı 1480-dır. Onlardan 912 yer Azərbaycan, 215 yer rus bölməsi, 353 yer isə birgə müsabiqə üçün nəzərdə tutulub. Dövlət və qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəblərinin magistraturasının boş qalan plan yerlərinə qəbul 3 may və 21 iyun tarixlərində keçirilmiş iki mərhələli qəbul imtahanında toplanmış ballar əsasında aparılır. Ali məktəblərin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün iyulun 28-i saat 9.00-dan iyulun 30-u saat 18.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olaraq “Bakalavrın elektron ixtisas seçimi ərizəsi”ni doldurub təsdiq etməlidirlər. Ərizəni təsdiqləmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar.

Hər bir bakalavr dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar bakalavrın imtahan verdiyi qəbul proqramına və onun bakalavr pilləsindəki ixtisasına uyğun olmalıdır. Riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya, dilşünaslıq, tarix və psixologiya istiqamətlərini bitirən və müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahan verdiyi proqrama aid ixtisaslarla yanaşı, 35 saylı proqrama aid olan maarif istiqamətinin boş qalan yerlərinin ixtisas kodlarını da göstərə bilərlər.

İxtisasların ardıcıllığı bakalavr tərəfindən müəyyənləşdirilir və o, topladığı ballara əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. İkinci magistr təhsili almaq istəyənlər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturanın yalnız ödənişli əsaslarla olan ixtisaslarını seçməlidirlər.

Qeyd edək ki, təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə müsabiqəyə ümumi balı (iki mərhələ üzrə topladığı balların cəmi) 70-dən az olmayan bakalavrlar buraxılırlar. Bu zaman bakalavrın ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 15-dən, tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə buraxılması üçün isə ingilis dilindən topladığı bal 15-dən az olmamalıdır.
Müsabiqə şərtlərini ödəyən namizədlərin olmadığı proqramlar üzrə vakant yerlər boş qalan yerlərin siyahısına daxil edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR