Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü itkin düşmüş uşağı ailəsinə təhvil verib

Azərbaycan Milli Məclisinin üzvü itkin düşmüş uşağı ailəsinə təhvil verib
# 27 iyul 2009 10:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü tapdığı itkin düşmüş uşağı ailəsinə təhvil verib. Bu barədə APA-ya itkin düşən 8 yaşlı uşağı ailəsinə təhvil verən millət vəkili Nazim Məmmədov bildirib. Deputat iyulun 24-də Şəlalə Məhərrəmova adlı qohumunun “8-ci kilometr” bazarı yaxınlığındakı dayanacaqda zəif inkişaf etmiş, kimsəsiz vəziyyətdə ağlayan oğlan uşağı tapdığını deyib: “Qohumum dayanacaqdan tapdığı Xəyal Əkrəmov adlı uşaqla birgə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə gəlib. Uşağı burada qəbul etməyiblər. Bundan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. Bu ünvanda da körpəni götürməyiblər. Ondan sonra, mənə müraciət etdi. Mən də uşağı götürüb müvəqqəti olaraq, “Ümid yeri” cəmiyyətinə apardım”.

Millət vəkili körpəni “Ümid yeri” cəmiyyətinə verdikdən sonra hadisə haqqında elan vermək üçün televiziya kanallarına müraciət etdiyini, lakin onlardan mənfi cavab aldığını bildirib: “Hansı televiziyaya müraciət etdimsə, uşaq haqında elan verməkdən imtina etdi. Uşaqdan əslən Şəki rayonundan olduğunu öyrənmişdik. Ona görə də, Şəki Regional Televiziyasına müraciət etdim. Bu televiziya kanalında elan gedəndən sonra uşağın qohumları tapıldı”.

N. Məmmədovun sözlərinə görə, aparılan araşdırmadan sonra məlum olub ki, Şəkinin
Aşağı Küncüt kəndidən olan uşağın valideynləri Bakıya işləməyə gəliblər: “Onlar burada kirayə qalır, ağır işlər görməklə dolanırlar. Uşaq itən günü isə atası Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Hadisə haqqında bütün polis idarələrinə telefonoqrama göndərilsə də, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi məsələyə laqeydlik göstərib”.

Millət vəkili bu gün səhər uşağın valideynləri ilə görüşdüyünü, övladlarını onlara qaytardığını deyib: “Onları Yasamal Rayon Polis İdarəsinə dəvət etdik. Sənədlərini yoxladıqdan sonra uşaqlarını təhvil verdik. Mən, sadəcə, polisin və telekanalların göstərdiyi münasibəti başa düşmədim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR