Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi “donuz qripi” əleyhinə görülmüş işlər barədə məlumat yayıb

Azərbaycan Səhiyyə Nazirliyi “donuz qripi” əleyhinə görülmüş işlər barədə məlumat yayıb
# 29 iyul 2009 11:40 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 27.07.2009-cu il tarixinə olan rəsmi məlumatına əsasən, dünyada 160 mindən çox A/H1N1 qripi virusu ilə xəstələnmə halı qeydə alınıb ki, onlardan da 998-i ölümlə nəticələnib. Azərbaycanda A/H1N1 virusuna qarşı tədbirlər “Azərbaycan Respublikasında “quş qripi” xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət komissiyası”nın iclasında təsdiq edilmiş “Azərbaycan Respublikasında qrip pandemiyasına hazırlıq üzrə Milli Plan”a əsasən həyata keçirir.

Dünyada A/H1N1 virusuna görə yaranmış vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi, respublikada qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədilə 2009-cu ilin aprel ayında müvafiq əmr verilib. Qrip xəstəliyinin diaqnostikası üçün müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya Respublika Taun Əleyhinə Stansiyasında təşkil edilib, laboratoriya mütəxəssisləri beynəlxalq səviyyədə hazırlıq kursları keçiblər. Xəstələrin müalicəsi üçün Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda dünya standartlarına cavab verən mənfi təzyiqli bokslar təşkil edilib.

Respublikada qrip xəstəliyinin müalicəsi üçün ÜST tərəfindən tövsiyə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin, həmçinin dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılıb.

Azərbaycanın dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı sanitar proseduraları dövlət gömrük orqanları tərəfindən həyata keçirilir. Sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları tərəfindən qrip epidemiyası baş vermiş ölkələrdən gələn insanlar barədə Respublika Sanitariya-Karantin Müfəttişliyinə məlumat verilir və bu şəxslər üzərində tibb müəssisələri tərəfindən müşahidə təmin edilir.

Əhalinin maarifləndirilməsi məqsədilə Qırmızı Aypara Cəmiyyəti və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış xəstəlik barədə təbliğat vərəqələri paylanıb.

Dünyada A/H1N1 virus qripinə qarşı epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar bu xəstəliklə bağlı əhaliyə məlumat verilməsi üçün Respublika Taun Əleyhinə Stansiyasında 530 32 13 nömrəli “Qaynar xətt” fəaliyyət göstərir. Ölkəyə müvəqqəti gəlmiş şəxslər və tranzit sərnişinlər özlərində qrip əlamətlərini hiss edərsə, məsləhət almaq məqsədilə Respublika Sanitariya-Karantin Müfəttişliyində fəaliyyət göstərən 494 05 23 nömrəli telefonla məsləhət ala bilərlər.

Bu vaxta qədər A/H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 500-dən çox müayinə aparılıb. Müayinələrin nəticəsi mənfi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR