Bank Of Baku

Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 03 fevral 2010 08:59 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən 22 m3/san artaraq 213 m3/san təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 1,3 mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 3 mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddini (YVQH) ötüb.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 82,2 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri 2 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,92-7,71 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR