Bank Of Baku

Abşeron yarımadasında 33 min hektardan artıq torpaq sahəsi çirklənməyə məruz qalıb

Abşeron yarımadasında 33 min hektardan artıq torpaq sahəsi çirklənməyə məruz qalıb
# 04 fevral 2010 09:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə bağlı mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, nazirliyin Ətraf mühitin mühafizəsi üzrə monitorinq departamentinin direktoru Məmmədhüseyn Müslimov bildirib ki, Azərbaycanda nisbətən ekoloji gərgin zona Abşeron yarımadasıdır. Burada əsas problemin torpaqların çirklənməsi olduğunu deyən direktor, yarımadada 33 min hektardan artıq torpaq sahəsinin müxtəlif səbəblərdən çirklənməyə məruz qaldığını, bunun 10,6 min hektarının neftlə çirkləndiyini söyləyib: “Artıq Dövlət Neft Şirkəti tərəfindən torpaqların neftdən təmizlənməsi işi başlanıb və neftdən təmizlənən ərazidə yaşıllıqlar salınır. Digər problem su hövzələrinin hədsiz çirklənməsidir. Yarımadada 200-dən artıq göl və gölməçə var. Bu göllər həddən artıq çirklənib. Buna səbəb yaşayış massivlərində kanalizasiya sisteminin olmaması, çirkabın bu göllərə axıdılmasıdır. 2010-cu ildə bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılacaq və əsas tədbir çirklənmiş torpaqların təmizlənməsi, perspektivi olmayan gölməçələrin qurudularaq yaşıllıqların salınmasıdır”.

M. Müslimovun fikrincə, Azərbaycanda səhralaşma problemi mövcuddur ki, bu da heyvanların sayının torpağın ekoloji tutumundan çox olması ilə bağlıdır: “Kür və Araz çayları ətrafında yaşayan insanların içməli su ilə təmin olunması nəzərdə tutulur. Bu günə qədər 122 kənddə sutəmizləyici nasoslar qurulub. Bu il daha 62 kənddə belə nasosların qurulması nəzərdə tutulub. İri şəhərlərdə məişət tullantılarının idarə olunması problemi var. Abşeronda məişət tullantılarının yandırılması zavodunun tikintisinə başlanıb və bu, problemin qarşısını alacaq”.

Nazirliyin Xəzərin ekoloji monitorinqi idarəsinin rəisi Mirsalam Qəmbərov isə Abşeron yarımadasında tullantı sularının təmizlənməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu vaxta qədər yarımadanın müxtəlif yerlərində modul tipli təmizləyici qurğular işə salınıb. M. Qəmbərov qeyd edib ki, göllərə axıdılan sular təmiz olmalı və normalara cavab verməlidir: “Yarımadada salınmış yaşıllıqlar üçün hazırda suvarma sistemləri yaradılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR