Bank Of Baku

Məhkəmə-Hüquq Şurası 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verib

Məhkəmə-Hüquq Şurası 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verib
# 04 fevral 2010 20:14 (UTC +04:00)
Bakı-APA. Məhkəmə-Hüquq Şurasının ali və apelyasiya məhkəmələrinin, Baş prokurorluğun və Vəkillər Kollegiyasının rəhbərliyi, bütün Bakı, habelə digər rayon, şəhər məhkəmələri hakimlərinin iştirakı ilə geniş iclası keçirilib.

İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə Naziri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə köklü islahatların uğurla davam etdirildiyini, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlət başçısının proqram xarakterli fərmanlarının icrası üzrə əldə edilmiş nəticələri vurğulayıb, Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi ötən 5 il ərzində görülən işlərə toxunub.

Qeyd edilib ki, Şura tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin müasir tələblər səviyyəsində qurulması, icra və əmək intizamının möhkəmləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər neqativ halların aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilib, əsaslı təhlillər aparılaraq məhkəmə sisteminin təkmilləşdirilməsi və hakim ştatlarının artırılması ilə bağlı təkliflər verilib.

Vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə yeni regional apelyasiya və iqtisad məhkəmələri yaradılıb, hakim ştatlarının sayı 50%, məhkəmə aparatı işçilərinin sayı isə 60 %-dək artırılıb. Hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 38 hakimin səlahiyyətlərinə xitam verilib, habelə 2009-cu ildə 22 hakim barədə intizam icraatı başlanılıb, 2 nəfər məhkəmə sədri intizam qaydasında tutduğu vəzifədən azad edilib.

Hakimlərin seçiminin Avropada ən mütərəqqi və şəffaf qaydaları müəyyən edilərək 157 nəfər yeni seçilmiş hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin ediliblər.

Eyni zamanda hakim kadrlarına ehtiyac nəzərə alınaraq, 2009-cu ildə hakimliyə namizədlərin seçiminə başlanılmış, 80 nəfər hüquqşünas imtahanlardan keçərək tədris ili ərzində davam edəcək kurslara cəlb ediliblər. Ədliyyə Akademiyasında keçirilən həmin kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil edilir. Həmçinin, beynəlxalq təcrübənin əhəmiyyəti nəzərə alınaraq 2009-cu ilin dekabr ayında bütün 80 nəfər hakimliyə namizəd üçün Türkiyədə 2 həftəlik təlimlər təşkil olunub.

Görülmüş tədbirlər, o cümlədən Hakimlərin Etik Davranış Kodeksinin qəbulu, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması, habelə məhkəmə infrastrukturunun yaxşılaşdırılması ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərmiş, məhkəmə qərarlarının sabitliyinin artması, apelyasiya və kasasiya şikayətlərinin azalması müşahidə edilib.

Bununla belə iclasda bir sıra hakimlər tərəfindən ciddi nöqsan və qanun pozuntularına yol verilməsinin davam etməsi bildirilib.

Qeyd edilib ki, ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlar zamanı insan haqlarının müdafiəsinə xüsusi əhəmiyyət verilərək, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunmuş, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib.

Lakin müəyyən edilib ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilmir, qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsi, bu işə formal münasibət bəslənilməsi hallarına yol verilir, qeyri-prinsipiallıq göstərilir.

Aparılmış müzakirələrin nəticələri üzrə bu sahədə ciddi nöqsan və kobud qanun pozuntularına yol verdiklərinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Rəsmiyyə Qəhrəmanovanın, Yasamal rayon məhkəməsinin hakimi Südabə Məmmədovanın, Sabunçu rayon məhkəməsinin hakimi Yusif Kərimovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Svetlana İsmayılovanın və Yasamal rayon məhkəməsinin hakimi Svetlana Əhmədovanın intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Famil Nəsibova, Suraxanı rayon məhkəməsinin hakimi Natavan Tağıyevaya, Əzizbəyov rayon məhkəməsinin hakimi Fatma Miriyevaya, Yasamal rayon məhkəməsinin hakimi Abbas Rzayevə, Binəqədi rayon məhkəməsinin hakimi Sevil Məmmədovaya, Nizami rayon məhkəməsinin hakimi Şahin Atakişiyevə, Sumqayıt şəhər məhkəməsinin hakimi Şövkət Nəcəfovaya töhmət verilib, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Xəqani Tağıyevə və Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənova irad tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR