Bank Of Baku

Prezident Administrasiyasının şöbə müdiri: “Az”, “yaz” sonluğunu istifadə etməklə Azərbaycan soyadlarını gələcəkdə vahid standarta salmaq olar”

Prezident Administrasiyasının şöbə müdiri: “Az”, “yaz” sonluğunu istifadə etməklə Azərbaycan soyadlarını gələcəkdə vahid standarta salmaq olar”
# 05 fevral 2010 15:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov azərbaycanlıların soyadlara az sonluğunun əlavə edilməsi barədə təkliflə çıxış edib. Şöbə müdiri APA-ya açıqlamasında bildirib ki, bu. onun şəxsi fikridir və soyad sonluqları ilə bağlı yüzlərlə təklif ola bilər: ““Ov” təklifini edənlər də var. Mənsubiyyətdə uyğun olaraq soyadın sonluğuna “lı”, “li”, keçmişdə müəyyən qədər farslarla müştərək tariximizdə olan “zadə”, həmçinin “oğlu”, “qızı” kimi soyad sonluqlarının artırılması da təkliflər sırasındadır. Mənim fikrimcə isə “az” sözü Azərbaycanı beynəlxalq aləmdə fərqləndirən həm brend, həm də domendir. Soyadların son iki hərfinin ciddi bir məna daşımadığını da bütün ədəbiyyatşünaslar, dilçilər bilir. Bu sadəcə olaraq tarixən formalaşmış sonluqlarıdır. “Az” sonluğunu da dünyada istifadə edən yeganə millət bizik. Ona görə də mən düşünürəm ki, bəlkə də “az”, “yaz” sonluğunu istifadə etməklə Azərbaycan soyadlarını gələcəkdə vahid standarta salmaq olar”.

Ə. Həsənov bu soyadlara misal olaraq “Həsənaz”, “Hüseynaz”, “Məmmədaz”, “Muradaz” soyadlarını səsləndirib: “Digər hallarda isə “az”ın qarşısına “y” hərfi də artırılıb “yaz” olacaq. Bu mənim şəxsi fikrimdir. Əgər cəmiyyətdə ictimai müzakirələr aparılırsa, istənilən təklif bu müzakirəyə çıxmaq hüququna malikdir. Müəyyən müzakirələrdən sonra ortaq fikrə gəlmək olar”.

Təklifə münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı isə APA-ya bildirib ki, bu tarixi ənənəsi olmayan bir məsələdir: “Bu, daha çox ənənə ilə bağlı olan, nəsillə, köklə əlaqəli məsələdir. Soyad soyların adıdır, ona görə də Azərbaycanda da bunun ənənəsi var. Məsələn “filankəslər”, “filankəsuşağı”, “filankəsoğlu” deyilib. Bu Dədə Qorqudda da var. Yəni “oğlu” və yaxud “li”, “lı” şəkilçisi soyad bildirən sonluqlardır. Bunlardan imtina etmək düzgün deyil. Amma Əli Həsənovun fikirləri də bir təklifdir, ictimaiyyətin müzakirəsinə verilə bilər. Mənim fikrimcə isə ənənəni qorumaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR