Bank Of Baku

Azərbaycanın cənub bölgəsinə yağan qarın yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb

Azərbaycanın cənub bölgəsinə yağan qarın yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb
# 07 fevral 2010 12:52 (UTC +04:00)
Masallı rayon fövqəladə hallar komissiyasının sədri Seymur Nuriyevin APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun iki gündən bəri işıqsız qalan 12 kəndinə elektrik enerjisinin verilişi bərpa olunsa da, Qızılavar və Təklə kəndlərinə elektrik enerjisinin verilişini bərpa etmək hələ də mümkün olmayıb.

Masallının Gəyəçöl kəndində Mədəniyyət evi ilə ərazi icra nümayəndəliyinin inzibati binalarının dam örtüyü qarın ağırlığından çöküb. Həmçinin rayonun Ninəlov kənd sakini Sadiq Qulu oğlu Əkbərova məxsus yaşayış evi uçub, evin sakinləri qohumlarının evinə köçürülüb.

Təbii fəlakətin törətdiyi fəsadlar barədə artıq respublika müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Fevralın 8-də Bakıdan Masallıya dövlət komissiyasının gələcəyi gözlənilir.

Qarın daha çox yağdığı Lerik rayonunda isə enerji verilişində yaranmış problemlər artıq aradan qaldırılıb. Dünəndən etibarən rayonun işıqsız qalmış 40 kəndinə enerjinin verilişi bu gün bərpa olunub. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-nın yerli bürosuna ötən gecə rayonda güclü şaxta müşahidə olunduğunu deyib. Belə ki, rayon mərkəzində mənfi 12, dağlıq kəndlərdə isə mənfi 16 dərəcə soyuqluq qeydə alınıb. Elə bu səbəbdən də dağ yollarında, eləcə də Lerik-Lənkəran şosesində avtomaşınların hərəkəti məhdudlaşdırılıb.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Etibar Fərruxovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, ötən gecə rayonda 12-13 dərəcə şaxta müşahidə olunub. Bu isə Yardımlı-Masallı yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Rayonda təbii qazın və elektrik enerjisinin verilişində fasilələr müşahidə olunmayıb.

Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Məzahim Hüseynov APA-nın yerli bürosuna rayonun iki gün öncə işıqsız qalmış 30 kəndinə enerjinin verilişinin bərpa olunduğunu, Ələt-Astara magistralının daim nəzarətdə saxlandığını, avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək məqsədilə yollara mütəmadi qum və duz səpildiyini bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometerologiya Müəssisəsindən APA-nın yerli bürosuna bildirilib ki, fevralın 6-dan 7-ə keçən gecə Lerik rayonunda 15-19, Yardımlıda 8-12, Lənkəran və Masallıda 7, Astarada isə 4 dərəcə şaxta qeydə alınıb. Şaxtalı hava şəraitinin bu gecə də davam edəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR