Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi bölgələrdə xəstəxanaların sayının azaldılmasına aydınlıq gətirib

Azərbaycan Səhiyyə Nazirliyi bölgələrdə xəstəxanaların sayının azaldılmasına aydınlıq gətirib
# 08 fevral 2010 13:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Səhiyyə Nazirliyi (SN) tibb müəssisələrinin strukturunun optimallaşdırılması üzrə yeni layihə və əhalinin tibb işçiləri və çarpayılarla təmin olunmasının yeni normativlərini hazırlayıb. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Adil Kərimovun APA-ya verdiyi məlumata görə, yeni normativlərin hazırlanmasında əsas məqsəd səhiyyəyə ayrılan maliyyə vəsaitlərinin səmərəli istifadə olunması, özünü doğrultmayan, səmərəli işləməyən, binaları pis vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində o qədər də böyük rol oynamayan müəssisələrin bir qisminin ixtisarı, çarpayı fondunun azaldılaraq əhalinin tələbatına uyğunlaşdırılmasıdır: “Azərbaycanda həkimlərin və orta tibb işçilərinin sayı Avropa göstəricilərinə uyğundur. Lakin çarpayıların sayı bu göstəricilərdən iki dəfə artıq idi. Hələ sovet dövründə səhiyyəyə ayrılan maliyyə vəsaitləri çarpayı sayına əsasən təyin olunurdu. Dünya Bankının maliyyə dəstəyi ilə “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində beynəlxalq ekspertlər dəvət elədik və bu normativləri işlədik. Səhiyyə Nazirliyi və Dünya Bankının ekspertlərinin daxil olduğu İşçi Qrup yaradıldı, tibb müəssisələrinin strukturunun optimallaşdırılması üzrə proyekt hazırlandı”.

A. Kərimov bildirib ki, rayon səhiyyə rəhbərlərinin özlərinin bilavasitə iştirakı ilə bütün tibb müəssisələri şəbəkəsi ayrı-ayrılıqda yenidən işlənib və nazirliyin əmri ilə təsdiq olunub: “Əvvəllər rayonlar üzrə stasionar müəssisələrin sayı 446 idi. İndi isə onların sayı azalaraq 217 olub. Bu müəssisələrin çarpayı fondu 29170-dən 12542-yə düşüb, başqa sözlə çarpayıların sayı təxminən 50 faiz azalıb. Kənd xəstəxanalarının sayı isə 308-dən 119-a qədər azaldılıb”.

A. Kərimovun sözlərinə görə, xəstəxanaların sayının azaldılması həkimlərin və orta tibb işçilərinin ixtisara düşməsi demək deyil: “Əvvəllər ştatların sayı çarpayı sayına uyğun idi. Çarpayı ixtisar olunanda ştatlar da ixtisar olunmalı idi. Yeni normativlərdə isə çarpayı sayı yox, əhalinin sayı əsas götürülür. Əhalinin sayı nə qədərdirsə, ona uyğun da çarpayı və tibb işçisi normativi işlənib. Buna görə də çarpayıların ixtisarı, xəstəxanaların bağlanması və ya ştatların ixtisarına gətirib çıxarmadı. Azərbaycanda tibb işçilərinin sayı dəyişilmədən qaldı, heç kim ixtisar edilmədi. Hazırda ölkədə orta tibb işçilərinin sayı 56842 nəfər, o cümlədən həkimlərin sayı 28307 nəfərdir. Azərbaycanda çarpayıların ixtisarı, xəstəxanaların məntəqələrə çevrilməsi həkim və tibb işçilərinin sayına təsir etməyib. Onların hər biri işlə təmin olunub. Hesab edirəm ki, xəstəxanalara ayrılan maliyyə vəsaitlərini nisbətən azaltmaq və əsas gücü ilkin tibbi xidmətə, ambulatoriyalara vermək lazımdır. Xəstələrin demək olar ki, 80 faizi ilkin tibbi xidmətdə-ambulatoriyalarda müalicə olunur”.

Şöbə müdirinin müavini deyib ki, son dəyişiklərdən sonra ölkədə ambulatoriyaların sayı artıb. Əvvəllər ambulatoriyaların sayı 543, feldşer məntəqələrinin sayı 1325 idisə, hazırda bu rəqəm müvafiq olaraq 779 və 1214-dür. Stasionar müəssisələrinin sayının azalması hesabına ambulator müəssisələrin sayı artıb: “Adətən kənd xəstəxanalarında xəstələr yatmır. Bu xəstəxanaların həkim məntəqələrinə çevrilməsi o demək deyil ki, onlarda stasionar xidmət ləğv olunub. Həkim məntəqələrinin hər birində doğuşa yardım xidməti saxlanılıb. Bu xəstəxanalarda nə rentgen, nə laboratoriyalar var idi. Rayon mərkəzlərində olan xəstəxanaların hər biri təmir olunur, yeniləri tikilir, avadanlıqlarla təchiz olunur, kəndlərdə xəstələrin yatmasına ehtiyac da qalmırdı. Mərkəzdən çox uzaqlarda, dağlıq ərazilərdə isə xəstəxanalar az çarpayı ilə olsa da, saxlanılıb”.

A. Kərimov deyib ki, məcburi köçkün rayonlarından başqa bütün rayonların səhiyyə strukturu optimallaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR