Bank Of Baku

Kürdəmirdə 30-a yaxın evi su basıb

Kürdəmirdə 30-a yaxın evi su basıb
# 09 fevral 2010 15:42 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov-APA. Azərbaycanın Kürdəmir rayonunda fərdi yaşayış evlərini qar suları basıb. APA-nın yerli bürosunun xəbərinə görə rayon ərazisinə yağan qarın əriməsi nəticəsində Kürdəmir şəhərinin M.Ə. Sabir, S. Şıxalıyev və Bakı küçələrində, rayon mərkəzinə birləşik Atakişili və Xırdapay kəndlərində 30-a yaxın həyət evinin zirzəmisi, eləcə də həyətyanı torpaq sahələri, tövlələr, toyuq-cücə hinləri su altında qalıb. Küçələrdə böyük su gölməçələri yaranıb. Hazırda həmin ərazidə suyun hündürlüyü 50-60 santimetrədək qalxıb. Mənzillərinə su dolan vətəndaşlar suyun nasoslar vasitəsilə çəkilməsi üçün Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət ediblər. Su basmış evlər nəzarətə götürülüb və suyun çəkilərək başqa əraziyə axıdılması üçün hazırda 6 nasosdan istifadə olunur. Kürdəmirə 15-20 santimetr hündürlükdə yağan qarın hələ çox az hissəsi əriyib və qarşıdakı günlərdə daha çox evi su basacağı gözlənilir.

Kürdəmir rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Vasif Məmmədov APA-nın yerli bürosuna bildirib ki, bir çox evlər küçələrə nisbətən 70-80 santimetr çökəklikdə yerləşdiyi üçün daha çox həmin əraziləri su basıb: “Kürdəmir şəhərinin kanalizasiya sistemi əhalinin bugünkü sayına hesablanmayıb və istismar müddətini demək olar ki, başa vurub. Köhnə xətlər çirkab suları və tullantılarla dolaraq vaxtından əvvəl istismara yararsız vəziyyətə düşüb. Hər il payız-qış aylarında yağış və qar yağandan sonra bu cür problemlər yaranır”.

V. Məmmədov problemin 2011-ci ildə həyata keçirilməsi nəzərdə tutulan “Kürdəmir şəhərinin su-kanalizasiya sisteminin yenidənqurulması layihəsi”nin icrasından sonra tam aradan qalxacağını bildirib. Hazırda rayon Su-kanal idarəsinin və Yanğından Mühafizə Hissəsinin işçiləri, maşın və mexanizmləri həyətlərdən suyun çəkilməsi işinə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR