Bank Of Baku

Lənkəranda ötən ilin yekunları müzakirə olunub

Lənkəranda ötən ilin yekunları müzakirə olunub
# 10 fevral 2010 18:16 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün 2009-cu ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin yekunu və qarşıda duran vəzifələrə həsr olunmuş Şəhər İcra Hakimiyyətinin (ŞİH) geniş hesabat yığıncağı keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrında düzənlənən tədbirin iştirakçıları əvvəlcə rayonda istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarının sərgisinə tamaşa ediblər.

Daha sonra Lənkəranın sosial-iqtisadi inkişafından bəhs edən sənədli film nümayiş olunub. Yığıncaqda Lənkəran ŞİH–nin başçısı Süleyman Mikayılov 2009-cu ildə qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

İcra başçısının sözlərinə görə, ötən il rayonda sənaye sahəsində 9,7 milyon manatlıq və ya 2008-ci ilin müvafiq dövrünə nisbətən 13,1% çox sənaye məhsulu istehsal olunub. İstehsal olunan məhsulun 94,8%-i istehlakçılara göndərilib. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 13,5% artıb və sənaye məhsulunun ümumi həcmində onun xüsusi çəkisi 93,8% təşkil edib.

Ötən il 1445 nəfər sənayedə əməyə cəlb olunub, işləyənlərin orta aylıq əmək haqqı 19,8% artmaqla 145 manata çatıb. Natiq çıxışında sənaye müəssisələri tərəfindən 112,5 ton balıq və balıq məhsullarının, 2 milyon ədəd kərpic və kərpic blokunun, 340 ton quru çayın istehsal edildiyini, emal sexlərində 461,3 ton tomat, 653,1 ton konservləşdirilmiş meyvə-tərəvəzin istehsal olunduğunu, bütün təsərrüfat növü üzrə 8809 hektar əkinlərin keçirildiyini, 1458 əkinçiyə dövlət tərəfindən 155 min 736 manat subsidiya ödənildiyini, 141 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına isə 50% güzəştlə 80 ton gübrə satıldığını qeyd edib. 2009-cu il ərazində rayon üzrə 4355 ton taxıl, 7670 ton kartof, 122731 ton tərəvəz, 117,4 ton yaşıl çay yarpağı, 390 ton üzüm, 1310 ton meyvə, 1641 ton bostan məhsulları istehsal olunub. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 9,6 %, ət istehsalı 3,6 %, süd istehsalı 4,4%, yumurta istehsalı 0,9% artıb.

S.Mikayılovun çıxışında uğurlarla yanaşı, yol verilmiş nöqsanlara da toxunulub. Hesabat məruzəsində elektrik enerjisinin təchizatı ilə bağlı yaranan problemlər, şəhərin küçələrində təmizlik işlərinin vaxtı-vaxtında aparılmadığı, qanunsuz tikililərə hələ də rast gəlindiyi əksini tapıb və bu nöqsanların tezliklə aradan qaldırılması rayonun müvafiq qurumlarından tələb olunub.

Tədbirdə millət vəkili Hadi Rəcəbli iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR