Bank Of Baku

Azərbaycanda dövlət qulluğuna qəbul qaydalarında dəyişikliklər olacaq

Azərbaycanda dövlət qulluğuna qəbul qaydalarında dəyişikliklər olacaq
# 15 fevral 2010 07:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda dövlət qulluğuna qəbul qaydalarında müəyyən dəyişikliklər olacaq. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. B. Xəlilov deyib ki, komissiya tərəfindən 700-dən çox vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqə elan olunub. İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə aparatlarında olan 44 vakant vəzifə də çıxarılıb. Komissiya sədri müsabiqənin bəzi yeniliklərlə müşahidə olunacağını da bildirib: “Yeniliklər ilk növbədə müsabiqənin ilk mərhələsi olan test imtahanlarına aiddir. Əvvəllər biz dövlət qulluğuna müsabiqə üçün test imtahanlarını keçirəndə dövlət qulluğu vəzifələrinin 6-9-cu təsnifatları üzrə eyni testlər təqdim edirdik. Yeni sistemdə isə vəzifə funksiyalarının dövlət qulluğu kateqoriyalarını nəzərə alaraq fərqli testlər təqdim edəcəyik. Bundan əlavə test imtahanlarında yeni informasiya texnologiyaları tətbiq olunacaq. Bu da ondan ibarətdir ki, testlər kompüter vasitəsilə veriləcək. Namizədlər testləri başa çatdırandan sonra həmin anda nəticələri əldə edəcəklər”.

B. Xəlilovun sözlərinə görə, testlərin qiymətləndirmə sistemində də yeniliklər olacaq. Keçid balı isə 6-7-ci təsnifatlar üzrə 80 bal, 8-9-cu kateqoriyalar üçün 70 bal müəyyən edilib. Testlərin quruluşunda və test bloklarında da dəyişikliklər olunub: “Testlərin 30 faizi məntiqi suallar olacaq, test blokuna Azərbaycan haqqında ümumi biliklər daxil olunub. Azərbaycanda ilk dəfədir ki, dövlət qulluğunda belə testlər keçiriləcək”.

Komissiya sədri vakant dövlət qulluğu vəzifələri üzrə müsabiqəyə sənəd qəbulunun martın 10-na kimi davam edəcəyini, qəbul başa çatandan sonra test imtahanların keçirilməsinə başlanacağını deyib.

Qeyd edək ki, ilk dəfədir ki, vakant dövlət qulluğu üzrə test imtahanları Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. İndiyə kimi bu işi Tələbə Qəbulu üzrə Komissiya görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR