Bank Of Baku

Azərbaycanda qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı 118 min nəfəri keçib

Azərbaycanda qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı 118 min nəfəri keçib
# 15 fevral 2010 13:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ötən il “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2 dəfədən çox artıb. Hazırda ölkədə qeydiyyata götürülən şəkərli diabet xəstələrinin sayı 118 min nəfəri keçib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev SN-nin 2009-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirib. O deyib ki, görülən işlərin nəticəsində şəkərli diabetdən ölən xəstələrin göstəricisi 21,7-dən 9,2-yə (hər 100 min nəfər əhaliyə) enib.

Şöbə müdiri deyib ki, ötən il “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı da xeyli artıb. Talassemiya və hemofiliya xəstəliklərindən ölənlərin sayı isə xeyli aşağı düşüb. Belə ki, 2003-cü ildə talassemiya xəstəliyindən ölənlərin sayı 73 nəfər olub, ötən il isə bu rəqəm 21-ə enib.

S. Əliyevin sözlərinə görə, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən sonra görülən işlər nəticəsində onkoloji xəstəliklərin vaxtında aşkarlanması işi yaxşılaşıb, bu xəstəlikdən ölənlərin sayı azaldılıb.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması işi isə xeyli yaxşılaşdırılıb. Hazırda ölkədə 19 dializ mərkəzi fəaliyyət göstərir. Bu günlərdə Klinik Tibbi Mərkəzdə yeni hemodializ şöbəsi açılıb, bununla da Azərbaycanda hemodializ problemi həll olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR