Bank Of Baku

Azərbaycan əhalisinin 51%-ni qadınlar təşkil edir

Azərbaycan əhalisinin 51%-ni qadınlar təşkil edir
# 04 mart 2010 08:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,9%-ni və ya 4,592 mln. nəfərini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qadınların 59,4%-i nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2 uşaq gətirib. Ötən il doğulmuş 152,1 min körpənin 46%-ni qızlar təşkil edib. Qız uşaqlarına verilmiş adlar içərisində ən çox Fatimə adına təsadüf olunur. Bundan sonra şəhər yerlərində daha çox verilən ad Fidan, kənd yerlərində isə Nərmin olub. Zəhra, Nuray, Nəzrin, Leyla və Aysu da geniş yayılmış adlardan olub.
Hazırda ölkədə 31 doğum evi, 321 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası, 1 735 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Bu gün qadınlar arasında gözlənilən ömür uzunluğu kişilər arasında gözlənilən ömür uzunluğundan 5,2 yaş yüksəkdir və 76,1 yaş təşkil edir.

Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən ölkə qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,7% təşkil edir. Ümumi təhsil müəssisələrində müəllimlərin 74%-i, orta ixtisas təhsil müəssisələrində 73%-i, ali təhsil müəssisələrində 47%-i, həkimlərin 62%-i qadınlardır. Ümumi təhsil müəssisələri şagirdlərinin 47%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67%-i, ali təhsil müəssisələrinin tələbələrinin 46%-i qızlardır.

Dövlət Statistika Komitəsi tərəfindən keçirilmiş müayinənin nəticələrinə görə, ötən il 25-64 yaşında olan qadınların 84%-i fasiləsiz təhsildə, o cümlədən 0,2%-i formal, 14%-i qeyri-formal, 69,8%-i informal təhsildə iştirak edib. Hazırda doktorantların 40%-ni, bütün elmi işçilərin isə 50%-ni qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi olan qadınların sayı 33%, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 17% artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi də artmaqda davam edir. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 11,2%-dir. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı isə əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4 081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR