Bank Of Baku

Məleykə Abbaszadə: “Əmək bazarında daha çox İKT-nin təhlükəsizliyini təmin edən, şəbəkələrlə işləməyi bacaran mütəxəssislərə ehtiyac var”

Məleykə Abbaszadə: “Əmək bazarında daha çox İKT-nin təhlükəsizliyini təmin edən, şəbəkələrlə işləməyi bacaran mütəxəssislərə ehtiyac var”
# 05 mart 2010 14:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda bakalavr və magistraturada təhsil almaq istəyənlərin bir çoxunun istəyi real əmək bazarında olan vəziyyəti əks etdirmir. Çoxsaylı gənclər hüquqşünas, beynəlxalq hüquq olmaq istəyir. Amma indi elə bir vəziyyət yaranıb ki, əmək bazarında həmin ixtisaslı gənclər özlərinə iş tapa bilmir”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda informatika üzrə ixtisaslara tələbat yüksəkdir. İndi əmək bazarında təkcə informasiya-kommunikasiya texnologiyalarını istifadəçi səviyyəsində mənimsəyən şəxslər yox, bu texnologiyaların təhlükəsizliyini təmin edən, şəbəkələrlə işləməyi bacaran mütəxəssislərə böyük ehtiyac var: “Hazırda ölkədə bu sahəni yaxşı bilən 4-5 mütəxəssis var. Ona görə də bu sahədə nə qədər çox mütəxəssis olsa, yenə də onlar üçün iş yerləri olacaq. Amma biz gənclərin bu sahəyə çox istəyinin olduğunu görmürük. Gənclər isə həmin sahələrə çox da maraq göstərmir. Ümid edirəm ki, ali təhsildə adambaşına maliyyələşmənin tam tətbiqindən sonra gənclərin ixtisas seçiminə marağı daha da güclənəcək”.

M. Abbaszadənin sözlərinə görə, gələcəkdə dövlətin maliyyəsi hesabına təhsil alan gənclər müqavilə əsasında müəyyən dövr ərzində dövlətin lazım bildiyi yerlərdə işləyəcək: “Bunun üçün əvvəlcədən həmin gənclərlə müqavilələr imzalanacaq. Yəqin ki, yaxın vaxtlarda müqavilə forması da bizə təqdim olunacaq. Dövlət belə gəncləri təyinatla işləmək üçün hara göndərsə, gedib işləməlidir. Tutaq ki, Bakıda müəllimlər kifayət qədər çox olduğundan özlərinə iş tapa bilmir. Rayonlarda, ucqar kəndlərdə isə əksinə, müəllim çatışmazlığı var. Dövlət sifarişi ilə müəyyən pedaqoji ixtisaslarda təhsil alan gənc dövlətlə müqavilə bağlamalı olacaq və o, ali məktəbi bitirəndən sonra hara göndərsələr, gedib orada işləməlidir. Bu tələb müəyyən ixtisaslarda şərt olaraq qoyulacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR