Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi aprel ayında müxtəlif istehsal sahələrində yoxlamalara başlayacaq

Dövlət Əmək Müfəttişliyi aprel ayında müxtəlif istehsal sahələrində yoxlamalara başlayacaq
# 11 mart 2010 11:52 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Bakıda Dövlət Əmək Müfəttişliyinin (DƏM) son iki il ərzində fəaliyyətinə həsr edilmiş mətbuat konfransı keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən DƏM-in rəhbəri Nəbi Şükürlü bu günə kimi müfəttişliyin işinin təkmilləşməsi, həyata keçirilən nəzarət işinin operativliyinin təmin edilməsi, müfəttişliyin kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi, əmək müfəttişlərinin peşəkarlıq səviyyəsinin artırılması üçün bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib.

N.Şükürlünün sözlərinə görə, aprel ayından etibarən DƏM müxtəlif istehsal sahələrində əmək təhlükəsizliyi normalarına nə dərəcədə əməl edilməsini araşdırmaq niyyəti ilə müəssisələrdə araşdırmalara başlayacaq.

Sosial sahədə islahatların aparılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra beynəlxalq təşkilatların - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Dövlət Əmək Müfəttişliyinin Strateji Fəaliyyət Planı” və “Əməyin təhlükəsizliyi və müvafiq qanunvericilik bazanın icrası üçün Dövlət Əmək Müfəttişliyinin potensialı”, “Azərbaycan Respublikasında İstehsalatda Sağlamlıq və Təhlükəsizliyin (İST) təkmilləşdirilməsi sahəsində DƏM-in dəstəklənməsi” adlı tvinninq fişinin layihələri artıq öz effektini göstərməyə başlayıb. Belə ki, təkcə ötən il ərzində DƏM-in bölmələri və eləcə də əməyin mühafizəsi üzrə mərkəzi laboratoriyanın maddi-texniki bazasının gücləndirilməsi üçün müəyyən işlər görülüb, iş yerlərində əmək şəraitinin ekspertizasının həyata keçirilməsində istifadə olunacaq bəzi portativ ölçü cihazları və digər müasir laborator ölçmə cihaz və avadanlıqları əldə olunub.

Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən istehsal amillərini müəyyən etmək və onların obyektiv qiymətləndirilməsi üçün DƏM-in nəzdində Bakı şəhərində Əməyin Mühafizəsi üzrə Mərkəzi Laboratoriya, Naxçıvan və Gəncə şəhərlərində isə müvafiq laboratoriyalar fəaliyyət göstərir. Əməyin Mühafizəsi üzrə Laboratoriyanın mütəxəssisləri səyyar və stasionar laboratoriyalar vasitəsilə nəzarət qaydasında təyinatından və mülkiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda işçilərin əmək şəraitinin ekspertizasını keçirmək və akkreditasiya olunmuş digər laboratoriyalar tərəfindən aparılmış iş yerlərinin attestasiya materialları ilə tanış olmaq və müvafiq rəy vermək səlahiyyətləri var.

Hazırda Əməyin Mühafizəsi üzrə Laboratoriyanın işinin təkmilləşdirilməsi, yeni laborator tədqiqatların tətbiq olunması və onların yerinə yetirilməsi üçün istifadə olunan cihaz və avadanlıqların əldə olunması, eləcə də bu işləri müasir tələblərə uyğun yerinə yetirəcək mütəxəssislərin hazırlanması üçün DƏM tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

“Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün layiqli əməyin təminatı üzrə ölkə proqramı”na uyğun olaraq yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətlərinin nəzərə alınmasına DƏM tərəfindən xüsusi diqqət yetirilir və müvafiq tədbirlər görülür. Aparılmış dövlət nəzarəti zamanı müəyyən olunub ki, uşaq yaşında olan işçilərin əmək hüquqlarının pozulmasına əsasən iqtisadiyyatın ticarət, ictimai iaşə, təchizat sahəsinə aid qeyri-dövlət müəssisələrində daha çox rast gəlinir.
DƏM-in təşkilatçılığı ilə ölkə ərazisini əhatə edən bütün bölgələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzusunda praktiki konfranslar, dəyirmi masalar, seminarlar təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR