Bank Of Baku

“Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?” mövzusunda növbəti debat keçirilib

“Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?” mövzusunda növbəti debat keçirilib
# 12 mart 2010 12:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Media Mərkəzində “Soyadlarımızı dəyişsək milli varlığımız dəyişəcəkmi?” mövzusunda növbəti debat keçirilib. APA-nın məlumatına görə, debatda tarix elmləri doktoru Musa Qasımlı və Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı iştirak edib.

S. Rüstəmxanlı soyad sonluqları ilə bağlı ictimai müzakirələrin aparılmasının tərəfdarı olmadığını deyib: “İctimai rəy çox sürüşkən bir şeydir. Bizim xalqın ictimai müqaviməti çox azdır. Ona görə də bu məsələdə siyasi qərarın olması mühümdür. Əslində biz bu müzakirələrlə dünyanı özümüzə güldürürük”.

S. Rüstəmxanlının sözlərinə görə, hazırkı soyad sonluqları Azərbaycan xalqının üzərində qara möhürdür: “Qarabağda məğlubiyyətimizin, bir ola bilməməyizin, milli ruhda axsamağımızın səbəblərindən biri də indiki soyad sonluqlarıdır. Bizim uşaqlarımız milli soyadlarla daha güclü ruhda böyüyərlər. Burada çətin bir şey də yoxdur. Necə ki, bir ay ərzində mətbuat latın qrafikasına keçdi, o qayda ilə də milli soyadlara keçmək olar”.

S. Rüstəmxanlı Azərbaycanda ənənəvi nəsil adları olduğunu xatırladıb: “Həmin nəsil adlarından soyad sonluqları kimi istifadə olunması mümkündür. Lı-li-lu-lü, oğlu sonluqlarından da istifadə oluna bilər. İstəyənlər soyad sonluqlarına soy, bəy, xan sözü də əlavə edə bilərlər. Amma ümumiyyətlə, mən çoxlu soyad sonluqlarının tərəfdarı deyiləm”.

Musa Qasımlı isə bəyan edib ki, soyad sonluqları haqda fikirlərin birmənalı olmaması maarifçiliyin zəifliyindən irəli gəlir: “Lakin mən soyad sonluqlarının dəyişməsi üçün administrativ qərarların tərəfdarı deyiləm. Çünki belə qərarların bir neçə ildən sonra zərərli təsiri olur. Soyadların dəyişdirilməməsi insanın vətənpərvərliyinə xələl gətirmir. Mən hesab edirəm ki, soyadların dəyişdirilməsi vacibdir, amma bu, könüllü olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR