Bank Of Baku

Azərbaycanda əlillərin tam reabilitasiya göstəriciləri iki dəfə artıb

Azərbaycanda əlillərin tam reabilitasiya göstəriciləri iki dəfə artıb
# 15 aprel 2010 08:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA -Economics. Hazırda Azərbaycanda 165 730 ailə ünvanlı dövlət sosial yardımı alır. «APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Nazirlər Kabinetinin 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş iclasında bildirib.

Nazir qeyd edib ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 115 manatdır: «Ümumilikdə, əhalinin həyat səviyyəsinin və pul gəlirlərinin artmasını nəzərə alaraq, cari ilin sonuna 145 min ailənin yardım alacağı proqnozlaşdırılır».

Bununla yanaşı F.Ələkbərov bildirib ki, nazirlik tərəfindən əlil və şəhid ailələri üçün 2008-ci ildə əvvəlki illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil istifadəyə verilmişdirsə, 2009-cu il ərzində bundan təxminən iki dəfə artıq - 707 mənzilin tikintisi başa çatdırılıb və bu il həmin tendensiya davam edəcək.

Nazir xatırladıb ki, 1998-ci ildən 2009-cu ilədək 2 114 ədəd «Oka» markalı minik avtomobili müvafiq kateqoriyalardan olan əlillərə təqdim edilib: «Ötən il bu sahədə də irəliləyişə nail olunub, keyfiyyəti və rahatlığı ilə daha üstün olan 500 «Slavuta» markalı avtomobil ölkəyə gətirilib. Bu il daha 350 avtomobilin alınması planlaşdırılır».

F.Ələkbərov son illər müxtəlif bölgələrdə yeni tibb müəssisələrinin istifadəyə verilməsi, səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, eyni zamanda zona tibbi sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarətin gücləndirilməsinin əlillərin reabilitasiya göstəricilərinin yaxşılaşmasına səbəb olduğunu vurğulayıb: «Ötən il ilkin əlilliyin artımı əvvəlki illə müqayisədə 6 412 nəfər və ya 25,9% azalıb, tam reabilitasiyası 5,4% yüksəlib, bu da son 5 ildə ən yüksək göstəricidir. Nəticədə, əlilliyin artım faizi demək olar ki, sıfıra endirilib. Həmin tendensiya bu il davam etdirilib və tam reabilitasiya göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb».

F.Ələkbərov eyni zamanda bildirib ki, əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə ölkə üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının təşkilinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR