Bank Of Baku

Kür çayında su basma halları gözlənilir

Kür çayında su basma halları gözlənilir
# 15 aprel 2010 10:51 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkənin əsas çaylarında, iri su anbarlarında mövcud vəziyyətə dair proqnoz verib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin mart ayında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarında qar örtüyündə su ehtiyatlarının müəyyən edilməsi məqsədilə qarölçmə işlərini aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ekspedisiya dəstələri işini başa çatdırıb: “Respublika çaylarının gursululuq axımı əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklik zonasında toplanan qar ehtiyatları və yaz dövründə düşən yağıntılar hesabına formalaşacaq. Yaz-yay gursululuq dövründə çayların sululuğu mühüm dərəcədə dağlarda toplanmış qar ehtiyatları ilə bağlıdır”.

Qeyd olunub ki, 2009-2010-cu illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarında qar örtüyünün əmələ gəlməsi yanvar ayının axırı və fevral ayının birinci yarısında başlamış, qış dövründə dağlıq ərazilərdə havaların şaxtalı keçməsi yanvar-fevral aylarının ayrı-ayrı günlərində qar örtüyünün qalmasına səbəb olub. Lakin fevral və mart aylarında hava şəraitinin anomal isti keçməsi və temperaturların ayrı-ayrı günlərdə yüksəlməsi orta dağlıq ərazilərdə qarın əriməsi ilə nəticələnib.

Gürcüstan Hidrometeorologiya Departamentindən alınan məlumata görə bu il Gürcüstan ərazisində Kür və Qanıx çaylarının hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə əsasən Kür çayının hövzəsində qar örtüyündə sululuq normanın 105 %-ni, Qanıx çayının hövzəsində isə 40 %-ni təşkil edib. Fevral ayının 2-ci ongünlüyündən və mart ayından başlayaraq temperaturların yüksəlməsi və ayrı-ayrı günlərdə yağan yağışlar orta dağlıq ərazilərdə qar örtüyünün tədricən əriməsinə şərait yaradıb ki, nəticədə çaylarda sululuğun artımı müşahidə olunub. Hal-hazırda Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 195-230%-ni, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 250-350%-ni, Qudiyalçay-Küpçalda normanın 200%-ni, Kiçik Qafqaz çaylarında 160-190%-ni, Naxçıvan MR çaylarında 55-85 %-ni, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 25-60 %-ni təşkil edir.

Məlumata görə, 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir su anbarının səviyyəsi 1,64 metr, Araz su anbarının səviyyəsi 2,46 metr, Ceyranbatan su anbarının səviyyəsi 1,13 metr, Şəmkir su anbarının səviyyəsi isə 3,31 metr çoxdur. Kür çayının aşağı axınında hazırkı səviyyələri 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 23-182 sm, keçən il ilə müqayisədə isə 364 sm yuxarıdır.
O da qeyd edilib ki, çay hövzələrindəki faktiki vəziyyət və meteoroloji proqnoza əsasən bu ilin yaz-yay (aprel-iyun) gursululuq dövründə Kür çayından Şəmkir su anbarına gözlənilən axın 550-650 m3/s və ya normanın 96 - 114%-i (norma-572 m3/s), Qanıx çayından Mingəçevir su anbarına axım 120-170 m3/s və ya normanın 68-96%-i (norma-177 m3/s), Araz çayından Araz su anbarına axım 220-280 m3/s normanın 74-94%-i (norma - 298 m3/s) olacağı gözlənilir. Böyük Qafqazın şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında sululuq normanın 97-118%-i, cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında 103-122%-i, Kiçik Qafqaz (Daşkəsən-Gədəbəy) çaylarında 62-74%-i, Naxçıvan MR çaylarında 62-90%-i, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 58-61%-i olacağı ehtimal olunur.
Kür çayının aşağı axınında gursululuq dövrü gözlənilən proqnoz isə belədir: “Aprel ayında temperaturların normadan yuxarı olacağını və bununla əlaqədar dağlıq ərazilərdə qarın intensiv əriyəcəyini, eyni zamanda yağıntıların normaya yaxın olacağını, həmçinin Mingəçevir və Araz su anbarlarında və Kür çayının aşağı axınında suyun hazırkı səviyyəsinin ötən illərdəkindən yuxarı olduğunu nəzərə alaraq, aparılan hesablamalara əsasən qeyd edirik ki, aprel və may aylarında Kürün aşağı axınında su basma hallarının baş verəcəyi gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR