Bank Of Baku

Azərbaycanda yeni köçkün qəsəbələrinin inşasına başlanacaq

Azərbaycanda yeni köçkün qəsəbələrinin inşasına başlanacaq
# 23 aprel 2010 14:20 (UTC +04:00)
Xocavənd-Beyləqan. Teymur Zahidoğlu - APA. “Xocavəndin Tuğ kəndindən didərgin düşmüş soydaşlarımız üçün 300 evlik yeni qəsəbə salınacaq. Artıq yeni yaşayış massivinin inşa olunması üçün Beyləqan rayonu ərazisində torpaq sahəsi ayrılıb. Hazırda sənədləşdirmə işləri aparılır”. Bunu Xocavənd rayonunda səfərdə olan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, yaxın keçmişdə istifadəyə verilmiş Yeni Xocavənd qəsəbəsində Xocavənd rayon İcra Hakimiyyəti üçün inzibati binanın inşasına da başlanacaq.

Ə. Həsənov yaxın vaxtlarda Ağdam rayonu ərazisində də bu rayondan olan məcburi köçkünlər üçün 696 mənzillik qəsəbənin salınmasına başlanacağını söyləyib. Komitə sədri bəyan edib ki, Bakı şəhərindəki yataqxanalarda məskunlaşan məcburi köçkünlər üçün yeni yaşayış massivinin inşası məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində torpaq sahəsi ayrılıb və tikintiyə hazırlıq gedir: “Bu il iki yataqxana binasının tam boşaldılması nəzərdə tutulub. Naftalandakı sanatoriya binalarında məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbənin tikintisi məqsədilə Goranboy rayonu ərazisində torpaq sahəsi ayrılıb”.

Məcburi köçkünlərin işlə təmin olunmasına dair sualı cavablandıran Ə. Həsənovun sözlərinə görə, hazırda Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq humanitar təşkilatlarla aparılan işin əsasında məcburi köçkün ailələri üçün yeni iş yerlərinin yaradılması dayanır: “Bundan əlavə, harada torpaq sahəsi varsa, biz torpaq götürüb təsərrüfat işləri üçün köçkün ailələrinə paylayırıq. Düzdür, həmişə hamıya eyni ölçüdə torpaq vermək mümkün olmasa da, biz imkanlardan maksimum dərəcədə yararlanmağa çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR