Bank Of Baku

DSMF 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ayrılmasını başa çatdırıb

DSMF 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ayrılmasını başa çatdırıb
# 30 aprel 2010 09:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ayrılmasını başa çatdırıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, yardım Azərbaycan prezidenti İlham Əliyevin aprelin 22-də imzaladığı “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” sərəncamına əsasən təyin edilib.

Sərəncama uyğun olaraq birdəfəlik yardım Fond tərəfindən 33 600 nəfərin hesabına köçürülüb. Onlardan 4 250 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və Sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilib.

Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29 350 nəfər təşkil edir.

Qeyd edək ki, bu il həmçinin 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Bu artım “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram” çərçivəsində həyata keçirilib. Proqrama uyğun olaraq DSMF-nin 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə hazırladığı təkliflər “Əmək pensiyaları haqqında” Azərbaycan Qanununa edilən dəyişikliklər və əlavələr sırasında yer alıb və bu il yanvarın 1-dən qüvvəyə minib. Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR