Bank Of Baku

Müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçirilir

Müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçirilir
# 30 aprel 2010 13:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin ilk test imtahanı keçirilir. Komissiyanın sədri Bəhram Xəlilov APA-ya açıqlamasında bildirib ki, müsabiqəyə 4100-dən çox namizəd ərizə verib və hər imtahanda 42 nəfər iştirak edir: “İmtahanlar kompüter vasitəsilə keçirilir. Bunun üçün xüsusi proqram təminatı və test bankı hazırlanıb. Çalışmışıq ilk növbədə imtahanın obyektivliyini və şəffaflığını təmin edək. Test bloku 100 sualdan ibarətdir. Hazırda mərkəzi icra orqanlarını və regionlarda rəhbər işçiləri əhatə edən 6-7-ci təsnifatlar üzrə imtahan keçiririk. Bu təsnifat üzrə keçid balı 80 baldır. 8-9-cu təsnifatlar üzrə keçid balı 70 baldır. 6-7-ci təsnifatlar üzrə imtahan verən namizədlər 30 məntiqi sualın ən azı 50 faizinə, 8-9-cu təsnifatlar üzrə namizədlər isə 40 faizinə cavab verməlidir. Namizədlərə hansı sualın veriləcəyini yalnız kompüter müəyyən edir. Bu gün Qiymətli Kağızlar üzrə Komitəsinə 42 nəfər imtahan verir. Sualları cavablandıran kimi, namizədlər dərhal nəticələri biləcəklər”.

Komissiya sədri deyib ki, test imtahanlarının nəticələri müəyyənləşdikcə paralel olaraq ikinci – müsahibə mərhələsi də aparılacaq. Müsahibə mərhələsi yaxın 10 gün ərzində başlayacaq. İmtahanda əsas yeniliklərdən biri də budur ki, 6-cı və 7-ci təsnifatlara sənəd verib 70 bal toplayan namizədlər bu təsnifatlar üzrə müsabiqə şərtlərini ödəyə bilməsələr də, 8-ci və 9-cu təsnifatlar üzrə müsahibə mərhələsində iştirak edə bilərlər.

B. Xəlilovun sözlərinə görə, ilk dəfə olaraq məhkəmə orqanları üzrə müsabiqəyə 44 vakant vəzifə çıxarılıb: “Məhkəmə orqanları ilə vakant vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasında iştirak etmişik. Onların öz test bankları var. Bu bankın hazırlanmasında məhkəmələrlə yaxından əməkdaşlıq etdik. Namizədlər arasında məhkəmə orqanlarına maraq daha çoxdur. İndiyə qədər çoxları bu orqanlarda işləmək istəyirdilər. Kimlərəsə müraciətlər edirdilər, kimlərəsə zənglər olurdu. Amma indi hamı üçün bərabər şərait yaradılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR