Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, bəzi yerlərdə leysan və qar yağacaq

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, bəzi yerlərdə leysan və qar yağacaq
# 03 may 2010 08:40 (UTC +04:00)
Mayın 2-si günorta saatlarından mayın 3-nə keçən gecə və səhər saatlarında düşən yağıntının miqdarı aylıq norma qədərində, bəzi rayonlarda isə normadan artıq olub. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, Aran rayonlarında düşən yağıntının miqdarı 35-39 mm təşkil edib. Böyük Qafqazın dağ çaylarından qısa müddətli daşqınlar keçib, Kürün aşağı axarında bir çox məntəqədə suyun səviyyəsi 110-137 sm-dək artıb. Dağlıq ərazilərdə 1 dərəcə şaxta, Qubanın dağlıq ərazilərində isə qar qeydə alınıb. Bu gün səhər saatlarında Xınalıqda qeydə alınan qarın hündürlüyü 21 sm təşkil edib: “Proqnozlarımız yenə də qüvvəsində qalır. May ayının birinci ongünlüyünün birinci yarısında qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Hava şəraitinin ən əlverişsiz və kəskin dövrü bu gün hesab olunur. Sonrakı günlərdə qısamüddətli yağışlar yağsa da, güclü yağıntılar gözlənilmir. Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 10-11 dərəcə isti təşkil edir. Sabah isə temperatur 15 dərəcəyə yaxınlaşacaq. Sabah şimal küləyinin də səngiyəcəyi gözlənilir. Mayın 5-də güclü külək olmayacaq, temperatur isə 15-17 dərəcə isti təşkil edəcək”.

Azərbaycanın rayonlarında isə mayın 4-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Mayın 5-6-da əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən müsbət amil olsa da, mövsümə görə sərin və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR