Bank Of Baku

Hamlet İsaxanlı: “Heç kim məni işdən çıxara bilməz”

Hamlet İsaxanlı: “Heç kim məni işdən çıxara bilməz”
# 23 sentyabr 2010 10:22 (UTC +04:00)
Əsas istəyim Xəzər Universitetini beynəlxalq aləmdə daha yüksəklərə qaldırmaqdır. Bu universitet əyalət məktəbi yox, dünya universiteti olmalıdır. Ona görə də Xəzər Universitetinə yeni rektor təyinatı ilə bağlı qərar yalnız universitetin inkişafı naminədir”. APA-nın məlumatına görə, bunu Xəzər Universitetə yeni rektorun təyinatı ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında universitetin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı deyib. Eks-rektorun sözlərinə görə, o, hazırda Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri kimi fəaliyyət göstərir. H. İsaxanlı universitetin fəaliyyətinə bundan sonra da nəzarət edəcəyini deyib: “Azərbaycanda rektor təyin etmək 1 dəqiqəlik işdir. Amma normal ölkələrdə rektoru təyin etmək üçün 1 il vaxt sərf edilər. Mən də bu ilin yanvarında yeni rektor seçilməsi üçün müsabiqə elan etdim. Bu yeniliyi universitetin daxilində də başa düşmədilər. Digər tərəfdən, xarici ölkələrin ali məktəblərində Qəyyumlar Şurası olur. Amma bizdə bu yoxdur və yaxşı hal deyil. Artıq Xəzər Universitetində bu şuranı yaratmışam. Mən bu şuranın sədriyəm və yenə də universitetin təsisçisiyəm. Deyirlər ki, məni işdən çıxarıblar. Amma məni kimsə işdən çıxara bilməz. Mən özüm rektor təyin edib, onları işdən azad edə bilərəm”.

H. İsaxanlı deyib ki, bu ilin yanvarında Xəzər Universitetinin saytında yeni rektor seçilməsi üçün elan verilib. Bu məsələ ilə əlaqədar ABŞ, Türkiyə, Kanada, Almaniya, Norveç, Hindistan, Azərbaycan daxil olmaqla, 38 ölkədən müraciətlər daxil olub: “Namizədlər arasında ən uyğunu Con Rayder oldu. O, çox tanınmış filosof, çoxsaylı məqalələrin müəllifidir. Digər tərəfdən, idarəetmə sahəsində çox böyük təcrübəsi var. Con Rayder SUNY-New-York Dövlət Universiteti kampuslarının birində kafedra müdiri , beynəlxalq əlaqələr mərkəzinin direktoru və dekan vəzifələrində çalışıb. Bu baxımdan hesab edirik ki, qərarımız çox düzgündür. O, işə böyük enerji ilə başlayıb”.

N. İsaxanlı deyib ki, C. Rayderlə 2 illik müqavilə imzalanıb. Amma bu müddət uzadıla da bilər. Bundan sonra Xəzər Universitetinə rektorun seçilməsi müsabiqə yolu ilə aparılacaq. H. İsaxanlı bundan sonra yenidən rektor olmaq barədə istəyinin olmayacağını da söyləyib.

Sabiq rektor parlament seçkilərində iştirak məqsədilə bu vəzifədən getməyi barədə söylənilən fikirləri də düzgün saymayıb: “Mən qəti surətdə siyasətlə məşğul olmaq fikrində deyiləm və bu olmayacaq. Mən elm adamıyam. Yeni təyinat mənim digər işlərlə məşğul olmağıma imkan verəcək. Amma universitetə daim nəzarət edəcəyəm. Yarımçıq kitablarım var, onları tamamlamağı da düşünürəm”.

Universitetin yeni rektoru Con Rayder isə universitetdə Azərbaycanın maraqlarını daim qoruyacağını bildirib. O, universitetdə kadr potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər görəcəyini söyləyib.

Qeyd edək ki, yeni rektor bu vəzifəyə universitetin Direktorlar və Qəyyumlar Şurası tərəfindən təyin edilib. J. Rayder artıq yeni dərs ilinin əvvəlindən fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR