“İranla qarşıdurma özlüyündə müharibə deyil, nüvəsizləşdirmə prosesidir”.
APA xəbər verir ki, bunu CNBC-yə müsahibəsi zamanı ABŞ prezidenti Donald Tramp deyib.
İranın nüvə silahına malik olmasına icazə verməyin, böyük səhv olacağını müdafiə edən Tramp sözlərinə belə davam edib:
“Mən təxminən 4 aydır ki, onu tərksilah etmək səylərinə rəhbərlik edirəm. İran demək olar ki, istədiyimiz hər şeylə razılaşdı. İran əvvəlki prezidentlərin zəifliyinə görə 47 ildir ki, Yaxın Şərqdə zorbalıqla məşğuldur. Obama İrana silah və raketlərini inkişaf etdirmək üçün 1 milyard 7 yüz milyon dollar pul verib”.
ABŞ prezidenti Donald Tramp CNBC-yə açıqlamasında bildirib ki, İranın hazırkı rəhbərliyi əvvəlkilərlə müqayisədə daha rasional davranır və Vaşinqton onların mövqeyi ilə müəyyən məsələlərdə uzlaşa bilir. O, bunu “rejim dəyişikliyi” kimi qiymətləndirib.
Tramp qeyd edib ki, onun məqsədi İranda hakimiyyət dəyişikliyi deyil, ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
ABŞ prezidenti həmçinin iddia edib ki, əvvəlki müharibələrin illərlə davam etməsinə baxmayaraq, İranla bağlı hərbi hədəflərə cəmi dörd ay ərzində tam şəkildə nail olunub.
Trampın sözlərinə görə, İran hərbi baxımdan tam məğlub vəziyyətdədir və ölkənin əlində qalan raket imkanları da məhv edilə bilər.
O bildirib ki, son iki həftə ərzində pilotsuz uçuş aparatı ilə bir gəminin hədəfə alınmasına cavab olaraq İran üç gecə ardıcıl güclü zərbələrə məruz qalıb.
Tramp onu da əlavə edib ki, hazırda İranla danışıqlar davam edir və Tehran, demək olar ki, ABŞ-ın bütün tələbləri ilə razılaşıb.
Onun sözlərinə görə, hərbi qarşıdurma artıq başa çatıb və Tehranın vəziyyətinin yaxşılaşdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
ABŞ prezidenti həmçinin iddia edib ki, İranda inflyasiya 5 faizdən 300 faizə yüksəlib, yüksək rütbəli hərbi rəhbərlərin böyük hissəsi zərərsizləşdirilib.
Tramp bildirib ki, son bir ay yarım ərzində Hörmüz boğazından neft tankerlərinin çıxışı təmin olunub və neftin bir barelinin qiymətinin 350 dollara yüksəlməsinin qarşısı alınıb.
Onun sözlərinə görə, bir gecə ərzində ciddi təhlükəsizlik tədbirləri və tam səssizlik şəraitində 22 iri neft tankeri bölgədən çıxarılıb.
Tramp həmçinin iddia edib ki, ötən həftə İranın yeni radar sistemi məhv edilib və Tehran hazırda radar şəbəkəsindən məhrum vəziyyətdədir.