Bank Of Baku

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi işlərinin gedişi ilə tanış olub
# 29 sentyabr 2010 18:35 (UTC +04:00)
Dövlət başçısının 2008-ci il 8 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən Heydər Əliyev Beynəlxalq Aeroportu–Bilgəh qəsəbəsi avtomobil yolunun yenidən qurulması, yol qovşaqlarının və piyada keçidlərinin tikintisi, Bilgəh qəsəbəsi-Sumqayıt şəhəri istiqamətində avtomobil yolunun genişləndirilməsi və inşası işlərinə başlanılıb.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına layihə barədə məlumat verib. Bildirilib ki, Mərdəkan dairəsində üçsəviyyəli yol qovşağında yol ötürücüsünün uzunluğu 220 metr, eni isə 23,5 metr olacaq. Layihədə buradakı tunelin uzunluğunun 55 metr, eninin isə 9,8 metr olacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev Buzovna dəmir yolu kəsişməsində inşa ediləcək tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə də tanış olub.
Dövlət başçısına tikintinin əsas texniki göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, buradakı yol ötürücüsünün uzunluğu 49,3 metr, eni 41,5 metr, istinad divarlarının uzunluğu isə 658 metr olacaq.
Sonra prezident İlham Əliyev Buzovna dairəsində inşa edilən tunelin və müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə tanış olub. Qeyd edilib ki, buradakı yol ötürücüsünün uzunluğu 19,4 metr, eni isə 41,5 metr nəzərdə tutulub. Tunelin eni isə 17 metr olacaq. Burada piyadalar üçün keçid də tikiləcək.

Prezident İlham Əliyev sonra Bilgəh qəsəbəsindəki, kardioloji mərkəzin qarşısında ikisəviyyəli tunel tipli qovşağın layihələndirilməsi və tikinti işlərinin gedişi ilə də tanış olub. Dövlət başçısına layihə üzrə həyata keçirilən işlər barədə məlumat verilib.

Prezident İlham Əliyev sonra Bilgəh qəsəbəsi–Novxanı-Sumqayıt şəhəri istiqamətində yeni tikilən və uzunluğu 14 kilometr olan yolda inşaat işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına yolun əsas göstəriciləri barədə də məlumat verilib. Qeyd olunub ki, yolun hərəkət hissəsi altızolaqlıdır. Layihələndirilən avtomobil yolu, həmçinin Maştağa-Saray-Sumqayıt-Tağıyev qəsəbəsi istiqamətində də yaşayan və dincələn əhali, eyni zamanda, Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən Pirallahı, Dübəndi, Zirə və digər yaşayış məntəqələri və istirahət zonaları üçün Bakı şəhərinə daxil olmadan M-1 magistral yoluna çıxmağa imkan yaradacaq. Bununla bərabər, bu yol Sumqayıt şəhərindən və digər şimal bölgəsindən həmin ərazidə yaşayan əhalinin Bakının mərkəzinə daxil olmadan, qeyd edilən Bakı kəndlərinə, sahilkənarı istirahət mərkəzlərinə, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportuna rahat çıxışını təmin edəcək. Bu da öz növbəsində iqtisadi cəhətdən daha səmərəli, təhlükəsiz və rahat nəqliyyat əlaqəsi yaradacaq.

Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün layihə üzrə müxtəlif səviyyəli yol qovşaqlarının və piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Prezident İlham Əliyev nəqliyyat naziri Ziya Məmmədova bu yolun tikintisinin davam etdirilərək Bakı–Rusiya və Bakı–Şamaxı yolları ilə birləşdirilməsini təmin etməyi tapşırıb.

Tikinti işlərinin gedişi ilə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR