Bank Of Baku

Qəbələdə MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası keçirilir

Qəbələdə MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası keçirilir
# 05 oktyabr 2010 11:36 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun “Qafqaz Reverside” mehmanxanasında MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiyada Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ukrayna Respublikalarının Milli Hitdrometeoroloji Xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, alim və mütəxəssislər iştirak edirlər.

Sessiyanı giriş sözü ilə açan ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dünya hidrometeorologiyasının tərkib hissəsi kimi Azərbaycanda hidrometeorologiyanın günün tələblərinə uyğun inkişaf etdirilməsinin ETSN-nin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda 2004-2010-cu illər üçün Hidrometeorologiyanın İnkişaf Proqamı” üzrə bir sıra vacib layihələrin həyata keçirilməsini qeyd edərək təhlükəli hidrometeoroloji hadisələrin Erkən Xəbərdarlıq Sisteminin yaradılması istiqamətində görülən işlərdən danışıb. Eyni zamanda qeyd olunub ki, ölkə prezidentinin başqa bir sərəncamı ilə Azərbaycanın yüksək dağlıq Bazardüzü - Şahdağ - Tufandağ ərazisində hidrometeorologiya üzrə dünyanın ən nadir tədqiqat elm mərkəzlərindən biri yaradılıb, 2700, 3500, 4172 metr yüksəkliklərdə Avtomat Meteoroloji Stansiyalar qurulub və onlardan operativ surətdə məlumatlar alınır.

Daha sonra Ümumdünya Meteorologiya Təşkilatının prezidenti Aleksandr Bedritski, təşkilatın baş katibi Mişel Jarro qlobal iqlim dəyişmələri ilə əlaqədar hidrometeorologiya xidmətlərinin qarşısında duran yeni vəzifələrdən və onların yerinə yetirilməsi yollarından danışıblar.

Mişel Jarro 2009-cu ildə keçirilən 3-cü Dünya İqlim Konfransında qəbul edilmiş İqlim Xidmətləri Sisteminin yaradılması üzrə görülən işlər barədə məlumat verib. Həmçinin, sessiyada Milli Hidrometeoroloji Xidmət qurumlarının rəhbərlərinin hesabatları dinlənilib, MDB və Ümumdünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət, üzv ölkələrdə hidrometeoroloji təhlükəsizlik Konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illər ərzində hidrometeoroloji fəaliyyət sahəsində həyata keçirilən layihələr və 2011-2015-ci illər üçün bu sahənin əsas inkişaf istiqamətləri və digər məsələlər müzakirə edilib.

Sabah başa çatacaq sessiyada regionda “Hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası” adlı sənəd layihəsinin qəbul edilməsi gözlənilir. Sonradan bu sənəd MDB hökumət başçılarının şurasına təsdiq olunmaq üçün təqdim ediləcək.

Sessiyada, həmçinin, iqlim dəyişmələri, elmi tədqiqatlar, kadr hazırlığı və bir sıra digər məsələlərə də baxılacaq. Sessiyalararası dövrdə Şura öz işini işçi qruplar vasitəsilə davam etdirəcək. Növbəti bir ildə MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının işinə Azərbaycan sədrlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR