Bank Of Baku

Birləşmiş Millətlər Təşkilatının yaranmasından 65 il keçir

Birləşmiş Millətlər Təşkilatının yaranmasından 65 il keçir
# 24 oktyabr 2010 00:51 (UTC +04:00)
Bakı-APA. Altmış beş il bundan əvvəl, bu gün Birləşmiş Millətlər Təşkilatının təməlini qoyan BMT Nizamnaməsi qüvvəyə minərək, BMT və BMT agentlikləri ailəsi üzərinə dünyanın hər yerində insanların həyatını yaxşılaşdırmaq məqsədi daşıyan bir sıra əhəmiyyətli vəzifələr qoyub.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatına 1992-ci ilin martında üzv olub. BMT isə ölkədəki fəaliyyətinə 1992-ci ilin noyabrında hökumətin xahişi ilə BMT-nin İnkişaf Proqramının (UNDP) ofisini təsis etməklə başlayıb. Daha sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Ərzaq Proqramının (WFP) ofisləri açılıb. Hal-hazırda, Azərbaycanda BMT ailəsi ofis və ya layihələrlə təmsil olunan on yeddi agentlikdən ibarətdir .

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı münaqişə barəsində BMT Təhlükəsizlik Şurası (822, 853, 874 və 884) və Baş Assambleyası (49/14, 60/285 və 64/243) tərəfindən qəbul edilmiş qətnamələr əsasında BMT təşkilatları ilk vaxtlar qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərib, daha sonra isə milli potensialın yaradılması ilə bərabər hökumətə minalardan təmizləmə sahəsində köməklik göstərilməsi kimi münaqişə sonrası bərpa işləri aparıblar.

90-cı illərin ortasında Azərbaycan hökuməti və BMT ölkənin iqtisadi imkanlarının genişləndirilməsi və yaşayış standartlarının yaxşılaşdırılması, təhsil və səhiyyə sisteminin islahatları, səmərəli idarəetmə və müasir informasiya-kommunikasiya texnologiyalarının daha geniş istifadəsi, ətraf mühitin mühafizəsi, narkotiklərdən sui-istifadə və insan alverinə qarşı mübarizə, HİV/AİDS haqqında məlumatlılığın artırılması, ailə planlaşdırılmasının yaxşılaşdırılması və gənclərin könüllü fəaliyyətləri kimi uzunmüddətli milli inkişaf məqsədlərinə nail olmaq üçün əməkdaşlıq ediblər.

Bu il Azərbaycandakı BMT sistemi BMT gününü 25 oktyabr, bazar ertəsi BMT binasının qarşısında Azərbaycan və BMT bayraqlarını qaldırmaqla qeyd edəcək. Ötən həftə ərzində Bakı orta məktəblərində şagirdləri BMT-nin dünyada və Azərbaycanda gördüyü işlər barədə daha yaxşı məlumatlandırmaq məqsədi ilə müxtəlif BMT agentliklərinin nümayəndələri ilə görüşlər keçirilib. Bu məlumatlandırma proqramı Gəncə və Mingəçevir, həmçinin Fizulidəki məcburi köçkün düşərgələri də daxil olmaqla rayonlarda davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR