Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi obyekt sahiblərini vəhşi heyvanlardan qazanc və əyləncə məqsədi üçün istifadə etməməyə çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi obyekt sahiblərini vəhşi heyvanlardan qazanc və əyləncə məqsədi üçün istifadə etməməyə çağırıb
# 08 noyabr 2010 16:16 (UTC +04:00)
Bakı-APA. “Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə əziyyət verilərək saxlanılmasını qətiyyətlə pisləyir və bu kimi hallarla kəskin mübarizə aparır”. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu problem təkcə şüursuz ovçular və onlardan bu heyvanları alan restoran sahibləri ilə bağlı deyil: “Problemin kökü vətəndaşların belə hallara həddən artıq yumşaq münasibəti ilə bağlıdır. Dəfələrlə belə restoran sahibləri cərimə olunub və əziyyət verilərək qəfəsdə saxlanılan heyvanlar isə müsadirə olunaraq vəhşi təbiətə buraxılıb. Lakin bu yolla vətəndaşları öz obyektlərinə cəlb etməyin mümkün olduğunu görən restoran sahibləri heyvanları yenidən qanunsuz yolla əldə edərək qəfəsdə saxlamağa davam edirlər”.

Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çoxlu sayda heyvanları Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında uzun müddət saxlayaraq vəhşi təbiətə qaytarmağa hazırlamalı olur: “Bu da həddən artıq əziyyətli işdir və baha başa gəlir. Əslində biz belə restoranlara həvəslə gedən insanların “zövqünü” oxşayan vəziyyətlə yarışmalı oluruq və təşviq olunan restoran sahiblərinin daha “diribaş” olmaları isə bizi məyus edir. Bu kimi halların qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə 05-06 noyabr 2010-cu il tarixlərdə respublika ərazisində reydlər keçirilib. Keçirilmiş reydlər zamanı Şamaxı rayonu ərazisində fəaliyyət göstərən “Turist” restoranından və Pirşağı qəsəbəsində fəaliyyət göstərən “Həyat” istirahət mərkəzindən 2 ədəd ayı, Sumqayıt şəhərində fəaliyyət göstərən “Diana” istirahət mərkəzindən isə 1 ədəd qartal və 3 ədəd muymul quşunun qeyri-sərbəst şəraitdə saxlanılması aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilib və həmin heyvanlar Nazirliyin Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Xətai rayonunda fəaliyyət göstərən “Çənlibel” kafesindən 1 ədəd dələ və Hövsan qəsəbəsində fəaliyyət göstərən “Ameqo” kafesindən 2 ədəd canavar müsadirə edilərək Abşeron Milli Parkına buraxılıb. Bütün hallarda qanunu pozmuş şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimə olunublar. Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa əməl olunması məqsədilə respublika ərazisində bu kimi reydlər davam etdirilir və reydlərin yekunu barədə mütəmadi məlumat veriləcək. Bir daha əhalini belə zövqsüz və heyvanlara işgəncə ilə müşayiət olunan istirahətdən imtina etməyə çağırırıq. İnsanlar belə obyektləri boykot etsələr obyekt sahibləri də heyvanlara əziyyət verməyin xeyir gətirməyəcəyini anlayarlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR