Bank Of Baku

“Quş qripi” ilə əlaqədar Azərbaycan ərazisində aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb

“Quş qripi” ilə əlaqədar Azərbaycan ərazisində aparılmış növbəti monitorinqin nəticələri açıqlanıb
# 12 noyabr 2010 08:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Noyabrın 1-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1119 baş ev quşunun qan nümunələri, eləcə də 8 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, müayinə olunan nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə xəstə, xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

“Quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

“Quş qripi” xəstəliyinin ölkəmizə quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan DBX respublika ərazisində monitorinqləri bundan sonra da davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin dekabrın 13-də başlanması nəzərdə tutulur.

Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR