Bank Of Baku

“Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi”nin əlaqələndirmə qrupunun rəhbəri: “Universitetlərə verilən sərbəstlik artırılmalıdır”

“Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi”nin əlaqələndirmə qrupunun rəhbəri: “Universitetlərə verilən sərbəstlik artırılmalıdır”
# 12 noyabr 2010 12:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Maliyyələşdirmə mexanizmə keçid Azərbaycan üçün yaxşı haldır. Amma yeni mexanizm özü təkmilləşdirilməli, həm də yeni mexanizmə keçidlə bağlı məsələlər - ali təhsilin idarə edilməsi, ali təhsildə keyfiyyətə təminat və digər məsələlər dəyişdirilməlidir”. Bu sözləri APA-ya açıqlamasında Təhsil Nazirliyində “Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi”nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov deyib. O bildirib ki, yeni maliyyələşdirmə mexanizmi universitetlərin idarəetmə ilə bağlı taleyini onların öz öhdəsinə verir.

Layihə rəhbəri hesab edir ki, universitetlərə idarəetmədə verilən sərbəstlik artırılmalıdır: “Universitet yaxşı universitet olmalıdır ki, özünə tələbə cəlb edə bilsin. Tələbə cəlb edən universitetə pul gələcək. Bu, o deməkdir ki, artıq universitetin müqəddəratı öz əlindədir. Müqəddəratı öz əlində olduqda isə ona idarəetmədə də sərbəstlik verilməli və bu sərbəstlik artmalıdır. Bu sərbəstlik həm məzmun, həm maliyyənin idarə edilməsi və ümumi idarəetmə baxımından artmalıdır”.

E. Rüstəmov deyib ki, yeni maliyyələşdirmə mexanizminə bir-birinə zəncirvari bağlı olan bir sıra dəyişikliklərin edilməsi lazımdır. Onun sözlərinə görə, artıq yeni mexanizmin ilk ilində, yəni bu tədris ilindən universitetlərə müəyyən maliyyə muxtariyyəti verilir. Bu mexanizmin tətbiq olunduğu məktəblərə dövlət büdcəsindən vəsait 4 maddə üzrə ayrılır. Gələcəkdə isə vəsaitin yalnız bir maddə ilə verilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, ali məktəblərdə maliyyə vəsaitlərinin xərclənməsi ilə bağlı çox böyük müstəqillik yaranacaq. Bununla əlaqədar məktəblərin aidiyyəti işçilərinin maliyyənin idarə edilməsi, maliyyə proqnozlaşdırma, xərc-gəlir təhlili üzrə bacarıqları da artırılmalıdır. E. Rüstəmovun fikrincə, bu, ona gətirib çıxaracaq ki, məktəblərdə idarəetmə müəyyən qədər dəyişə bilər: “İdarəetmədə muxtariyyət məsələsinə gəldikdə isə keyfiyyət məsələsi ortaya çıxır. Universitetlərə muxtariyyət veriləndə keyfiyyət məsələləri laxlaya bilər. Ona görə də yeni keyfiyyətə təminat mexanizmi ortaya qoyulmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR