Bank Of Baku

Azərbaycanın şimal-qərb rayonlarında çörəyin və unun qiymətində bahalaşma müşahidə olunur

Azərbaycanın şimal-qərb rayonlarında çörəyin və unun qiymətində bahalaşma müşahidə olunur
# 17 noyabr 2010 16:29 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb rayonlarında çörəyin və unun qiyməti qalxıb.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, artıq üç gündür ki, Zaqatalanın bazar və mağazalarında çörək və unun satış qiymətində artım müşahidə edilir.

Üç gün əvvəl mağazalarda 40 qəpiyə satılan 600-640 qramlıq dəyişən bir ədəd təndir çörəyin qiyməti 50 qəpiyə qalxıb. APA-nın əməkdaşının Zaqatala şəhərində çörək satışı ilə məşğul olan mağazalarda apardığı müşahidəyə əsasən, bir sıra çörək sexlərində istehsal edilən çörəyin qiyməti qalxmasa da, çəkisində ciddi azalma müşahidə edilir. Zaqatalanın bazar və mağazalarında satılan 50 kq-lıq bir kisə unun satış qiyməti isə 4 manat artaraq 24 manata satılır. Bahalaşmaya səbəb un istehsalı ilə məşğul olan dəyirmanlarda unun topdan satış qiymətinin artmasıdır.

Bölgənin digər rayonlarının (Balakən, Qax və Şəki) sakinlərinin APA-ya verdiyi məlumata əsasən, son günlər həmin rayonlarda da çörəyin və unun bahalaşması müşahidə edilir. Balakən və Qax rayonlarında bu gün 50 kq-lıq bir kisə un 25 manata, Şəkidə isə 24 manata satılır. Balakən, Qax və Şəki rayonlarında da çörəyin növündən və çəkisindən asılı olaraq 5-10 qəpik arasında artım var.

Qeyd edək ki, unun bahalaşmağa başladığı cari ilin avqust ayının sonundan etibarən 50 kq-lıq un kisəsində 8-9 manat civarında artım qeydə alınıb. Bahalaşmaya qədər 50 kq-lıq bir kisə un 16 manata satılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR