Bank Of Baku

Bakıda “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” başlayıb

Bakıda “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” başlayıb
# 18 noyabr 2010 08:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” öz işinə başlayıb. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, noyabrın 23-də yekunlaşacaq yarmarkada AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar elmi məqalə, tezis və təqdimatla iştirak edərək öz bacarıqlarını nümayiş etdirə biləcəklər.
Tədbirdə “Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı”, “Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları”, “Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri” mövzularında gənc alim və tədqiqatçıların iştirakı ilə konfranslar keçiriləcək.
“Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları” və “Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkili” mövzuları əsasında da seminarların təşkili nəzərdə tutulub.
Tədbirdə həmçinin “Bilik iqtisadiyyatına doğru!” – ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiq imkanlarını artırmaq məqsədilə gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsi də keçiriləcək. Görkəmli alimlərdən ibarət münsiflər heyəti tərəfindən yüksək intellekt və bacarıq nümayiş etdirən gənc alimlər qalib seçilərək mükafatlandırılacaqlar.
Yarmarkanın rəsmi açılış mərasimi sabah Gənclər və İdman Nazirliyində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR