Bank Of Baku

Ombudsmanın işgəncələr əleyhinə qrupunun üzvləri istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Ombudsmanın işgəncələr əleyhinə qrupunun üzvləri istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə baxış keçiriblər
# 30 dekabr 2010 12:27 (UTC +04:00)
Bakı –APA. İşgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Penitensiar Xidmətin Bakı və Şüvəlandakı 3 saylı istintaq təcridxanalarına, həmçinin Xəzər və Binəqədi rayon polis idarələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçiriblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qrup üzvləri bu müəssisələrdə saxlanma şəraitini araşdırıb, saxlanmanın qanuniliyini təsdiqləyən sənədlərlə tanış olub, barələrində istintaq aparılan və saxlanılan şəxslərlə söhbət edərək onlara hüquqlarını izah ediblər.

Söhbət aparılmış şəxslərin bəziləri barələrində çıxarılmış məhkəmə qərarlarından, istintaqın qeyri-obyektiv aparılmasından narazılıqlarını bildiriblər. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Qrup üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 17 saylı cəzaçəkmə müəssisələrinə də uzunmüddətli baxış keçiriblər. Ombudsmanın nümayəndələri müəssisələrin yataqxanalarına, cərimə təcridxanalarına, karantin zonalarına, görüş yerlərinə, sanitar-tibb hissələrinə, məscidlərə, ərzaq anbarlarına və mətbəxə, yeməkxanalara, kitabxanalara, idman zallarına, klublara və digər obyektlərə baş çəkiblər. Bir sıra məhkumlarla təkbətək söhbət aparılaraq onlara hüquqları izah olunub.

17 saylı cəzaçəkmə müəssisəsində bəzi məhkumlar Penitensiar Xidmətin Müalicə Müəssisəsində lazımi müalicə almadıqlarını bildiriblər. 9 saylı müəssisədə isə xarici vətəndaşlığı olan bəzi məhkumlar cəzalarının qalan hissəsini çəkmək üçün öz ölkələrinə ekstradisiya edilmələrinə kömək göstərilməsini istəyiblər. Aşkar edilmiş bəzi çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsi üçün hər iki müəssisənin rəhbərliyinə tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR