Bank Of Baku

Azərbaycanda “quş qripi” xəstəliyi ilə əlaqədar aparılan monitorinqin nəticəsini açıqlanıb

Azərbaycanda “quş qripi” xəstəliyi ilə əlaqədar aparılan monitorinqin nəticəsini açıqlanıb
# 30 dekabr 2010 13:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) dekabrın 15-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində apardığı monitorinqin nəticəsini açıqlayıb. DBX-dan APA-ya verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 19 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 11626 baş ev quşunun qan nümunələri, eləcə də 227 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçirilib. Nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Hərtərəfli monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə onu da çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin «Qaynar xətt»inə (Tel: 563-50-06) müraciət etsinlər. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər.

Eyni zamanda, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır.

Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvarın 10-da başlanması nəzərdə tutulur. Hazırda isə “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR