Bank Of Baku

Azərbaycanlı şagird Tailandda keçirilən XXIII Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal qazanıb

Azərbaycanlı şagird Tailandda keçirilən XXIII Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal qazanıb
# 04 avqust 2011 14:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Tailandın Pattaya şəhərində iyulun 22-dən 29-dək keçirilən məktəblilərin XXIII Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının üzvü Azad Salahlı bürünc medala layiq görülüb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılıb. Olimpiadaya hazırlıq dərsləri Azərbaycan Prezidenti Administrasiyası, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və “İnfomas” ictimai birliyinin elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılıb. Komanda üzvlərinə “Kombinatorika”, “Ehtimal nəzəriyyəsi”, “Qraflar nəzəriyyəsi” və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilib. Treninqlər iyunun 1-dən iyulun 17-dək davam etdirilib.

XXIII Beynəlxalq İnformatika Olimpiadasında dünyanın 77 ölkəsindən 304 məktəbli iştirak edib. Tailand olimpiadasında Azərbaycanı VIII-XI sinif şagirdlərindən ibarət komanda təmsil edib.

Artıq 2015-ci il də daxil olmaqla növbəti olimpiadaların keçiriləcəyi ölkələr, o cümlədən XXIV Beynəlxalq İnformatika Olimpiadasının 2012-ci il sentyabrın 22-29-da İtaliyada keçiriləcəyi müəyyənləşdirilib. Qeyd edək ki, Azərbaycanın Beynəlxalq İnformatika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin olimpiada tədbirləri sisteminə daxil edilib. Cari ilin sentyabrından istedadlı şagirdlərin seçiminə başlanılacaq, oktyabr ayından isə həmin şagirdlərlə hazırlıq işləri aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR