Bank Of Baku

Qarabağ müharibəsi veteranları və əlillərinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Milli Məclisə təkliflər göndəriləcək

Qarabağ müharibəsi veteranları və  əlillərinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Milli Məclisə təkliflər göndəriləcək
# 09 avqust 2011 08:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda Qarabağ müharibəsi veteranları və əlillərinin sosial şəraitinin yaxşılaşdırılması məqsədi ilə qanunvericiliyə dəyişikliklər edilməsi üçün Milli Məclisin payız sessiyasına təkliflər göndəriləcək. APA-nın məlumatına görə, hazırda ölkədə fəaliyyət göstərən veteran və əlil təşkilatları tərəfindən belə bir müraciət hazırlanır. Təkliflərdə müharibə veteranları ilə yanaşı, Milli Qəhrəman ailələrinin sosial şəraitinin yaxşılaşdırılması, onların işlə təminatı kimi bir sıra məsələlər əksini tapacaq.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev APA-ya bildirib ki, bu ilin əvvəlində təşkilat tərəfindən Milli Məclisə müraciət olunsa da, bir nəticəsi olmayıb. Hazırda AVMVB-nin digər veteran və əlil təşkilatları ilə birgə təkliflər hazırladığını deyən F. Rzaquliyev təkliflərin parlamentin payız sessiyasına təqdim olunacağını vurğulayıb. Təkliflərdə Qarabağ müharibəsi veteranlarına verilən 30 manat məbləğində kompensasiyanın artırılması, işlə təminat müəssisələrində veteranların işə qəbulu ilə bağlı say həddinin əlavə edilməsi və s. var.

Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı isə APA-ya bildirib ki, Milli Qəhrəman ailələrinin sosial təminatının yaxşılaşdırılmasına dair məsələ bir neçə dəfə parlamentdə qaldırılıb. Sosial Siyasət Komitəsi tərəfindən bu məsələ müsbət qarşılanıb: «Elə Milli Qəhrəman ailələri var ki, onlar öz status və imtiyazlarından istifadə edə bilmir, bürokratik əngəllərlə üzləşirlər. Biz bununla bağlı məsələni yaz sessiyasında qaldırdıq və ümid edirəm ki, bu qanunvericilikdə öz əksini tapacaq».

Millət vəkili Qarabağ veteranlarının sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflərə baxılacağını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR