Bank Of Baku

ABŞ-da 120 min poçt işçisi ixtisara düşə bilər

ABŞ-da 120 min poçt işçisi ixtisara düşə bilər
# 12 avqust 2011 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın Dövlət Poçt Xidməti (United States Postal Service, USPS) 120 min işçisini ixtisar etmək niyyətindədir.

«APA-Economics»in «Associated Press»ə istinadən verdiyi məlumata görə, USPS həmçinin dövlət pensiya və tibbi sığorta proqramlarından imtina etməyi planlaşdırır ki, bu addım şirkətin özünün bu sahələrdə həyata keçirdiyi proqramları dəstəkləmək məqsədi daşıyır. Hazırda bütün bu qərarlar ABŞ Konqresi tərəfindən təsdiqini tapmalıdır.

ABŞ-ın cari maliyyə ilinin ilk 9 ayı ərzində şirkətin xalis zərərinin həcmi 5,5% artaraq 5,7 mlrd. dollar təşkil edib. Əgər ABŞ Konqresi şirkətə yardım göstərməsə, maliyyə çətinliyi fonunda USPS yaxın gələcəkdə özünü öhdəlikləri üzrə müflis elan edə bilər. Hökumətdən dəstək almayan USPS hazırda poçt göndərmələrinin həcminin azalması fonunda islahatlar həyata keçirir.

USPS-in ekspertləri hesab edirlər ki, şirkətin zərərini artıran amillər işçilərə əmək haqqının verilməsi və sosial öhdəliklərin yerinə yetirilməsidir. Hazırda şirkətin top-menecmenti mövcud 32 min poçt şöbəsindən 3,7 mininin bağlanmasının mümkünlüyünü araşdırır.

«Biz likvidlik böhranı ilə üzləşmişik və yaxın gələcəkdə şirkət özünün sosial öhdəliklərini yerinə yetirə bilməyəcək. Qanunvericilik dəyişdirilməsə, artıq sentyabrda 5,5 mlrd. dollar həcmində sığorta haqqını ödəyə bilməyəcəyik», - deyə USPS-in maliyyə direktoru Cozef Korbet bildirib.

Qeyd edək ki, USPS federal hökumətin müstəqil agentliyidir. Hazırda şirkətdə 574 min nəfər çalışır. Ötən maliyyə ilinin yekunlarına əsasən, şirkətin xalis zərəri 8,5 mlrd. dollar təşkil edib. USPS 2007-ci ildən maliyyə fəaliyyətini mənfi göstəricilərlə davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR