Bank Of Baku

Güclü külək və leysan yağışları Azərbaycanın Balakən rayonunda bir sıra fəsadlar törədib

Güclü külək və leysan yağışları Azərbaycanın Balakən rayonunda bir sıra fəsadlar törədib
# 19 avqust 2011 08:46 (UTC +04:00)
APA-nın yerli bürosunun verdiyi məlumata görə, ötən gün axşam saat 22.00 radələrindən başlayaraq, bu gün səhər saatlarına kimi şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Bölgənin rayonlarında fasilələrlə leysan yağışları və güclü külək müşahidə edilib. Leysan yağışları və güclü külək daha çox Balakən rayonunda müşahidə edilib. Balakən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, leysan yağışları nəticəsində rayon ərazisindən axan Balakən, Humbul və Mazım çaylarında suyun səviyyəsi xeyli artıb, rayonun Qabaqçöl qəsəbəsində, Talalar, Gərəkli, Qullar kəndlərində bir sıra evlərin həyətyanı sahələri yağış suları ilə dolub, əkin və otlaq sahələrinə ziyan dəyib. Güclü külək nəticəsində rayonun bir sıra ərazilərində ağaclar qırılıb, elektrik və telefon dirəkləri aşıb, bir sıra evlərin və ictimai binaların dam örtüyünü külək qoparıb. Bununla bağlı hazırda rayonun bir çox kəndlərinə elektrik enerjisinin və rabitə sisteminin verilməsində fasilə yaranıb. Hazırda Balakən rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və yerli sakinlər güclü külək və leysan yağışlarının törətdiyi fəsadları aradan qaldırılması istiqamətində işlər aparır. Fəsadlar aradan qaldırıldıqdan sonra rayona dəymiş ziyanın miqdarını hesablamaq mümkün olacaq.

Qax rayon İcra Hakimiyyətindən isə bildirilib ki, güclü külək nəticəsində rayonun Əlibəyli kəndi ərazisində bir neçə ağac qırılıb. Bu səbəbdən Əlibəyli və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR