Bank Of Baku

Bakıda insan alveri qurbanlarının anım günü keçiriləcək

Bakıda insan alveri qurbanlarının anım günü keçiriləcək
# 19 avqust 2011 10:54 (UTC +04:00)
Bakı – APA. Avqustun 23-də Azərbaycanda İnsan alveri qurbanlarının anım günü keçiriləcək. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən APA-ya verilən məlumata görə, tədbirdə beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, millət vəkilləri, DİN-in İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəsmiləri, iş adamları, eləcə də, tanınmış incəsənət xadimləri iştirak edəcək. Tədbirdə rəsmilərin çıxışları ilə yanaşı, insan alveri cinayətinə qarşı və insan alveri qurbanlarına dəstək məqsədilə mesajlar səslənəcək. İştirakçılarla, xüsusən də incəsənət xadimləri ilə birgə fotosessiyalar təşkil ediləcək, onlar tərəfindən aftoqraflar veriləcək. Tədbirdən sonra bütün səslənmiş mesajlar və fotolar toplanaraq albom şəklində çap ediləcək.

Kampaniyanın iki elementi var - “Mavi ürək” və gözlərə bağlanmış “mavi lent”. “Mavi ürək” Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisi tərəfindən ictimai məlumatlığın səviyyəsini artırmaq üçün yaradılıb. Kampaniya Amerika hökumətinin İnsan alverinə qarşı mübarizə idarəsi və Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisi tərəfindən tanınıb. “Mavi lent ” kampaniyası istismara məruz qalmış insanlara bu acını unutdurmaq, onlara yardım və dəstək ola bilmək üçün düşünülmüş ən yaxşı rəmzdir.

Bağlı gözlər insanların məlumatsızlığının simvoludur. Bağlı gözlər səssiz kampaniyadır və burada sözə ehtiyac qalmır.

Kampaniyanın təşkilatçıları “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi, “Lady Radio”, APA İnformasiya Agentliyi, “Azxeber.com” informasiya portalı, sosial informasiya agentliyi “Axar.az” və “Park Bulvar”dır.

Qeyd edək ki, İnsan alveri qurbanlarının beynəlxalq anım günü Azərbaycanda ilk dəfə 2010-cu ildə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR