Bank Of Baku

Lənkəranda “Gənclər Təmizlik Naminə” yay məktəbi təşkil edilib

Lənkəranda “Gənclər Təmizlik Naminə” yay məktəbi təşkil edilib
# 01 sentyabr 2011 08:12 (UTC +04:00)
Bakı - APA-Economics. “Təmiz Şəhər” ASC-nin Lənkəran rayonunda təşkil etdiyi “Gənclər Təmizlik Naminə” şüarı altında tələbələr üçün yay məktəbi başa çatıb.
“Təmiz Şəhər” ASC-nin məktəbin keçirilməsində əsas məqsəd gənclər üçün tullantıların düzgün idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində biliklərin əldə edilməsi, dünya görüşünün genişləndirilməsi və debat vasitəsilə ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin, fikir mübadiləsinin aparılması imkanlarının yaradılmasıdır. Məktəb həmçinin ekoloji mədəniyyətin inkişafı, o cümlədən ətraf mühitin mühafizəsi sahəsinə gənc mütəxəssisləri cəlb etmək məqsədi daşıyıb.
Xatırladaq ki, yay məktəbində iştirakla bağlı Bakı şəhərinin 18 ali məktəbində təhsil alan 140-dan çox tələbədən ərizə qəbul olunub. Bir neçə mərhələdən ibarət olan seçim turu nəticəsində 55 tələbə yay məktəbində iştirak hüququ qazanıb. Yay məktəbi çərçivəsində “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən mühazirələr oxunub, əldə olunan məlumat əsasında mərhələli debat turnirləri təşkil edilib, eyni zamanda gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intellektual oyunlar, viktorinalar təşkil edilib.
2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi nəzərə alınaraq “Gənclər Təmizlik Naminə” yay məktəbi çərçivəsində Lənkəran rayonu ərazisində tələbələr üçün bir neçə eko-tur təşkil edilib. Hirkan Milli Parkına təşkil edilmiş eko-tur çərçivəsində burada tələbələrin təşəbbüsü ilə iməcilik aksiyası baş tutub.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Etibar Abbasov tədris proqramının yekunu ilə bağlı tələbələrlə keçirdiyi görüşdə dövlət tərəfindən ətraf mühitin mühafizəsi, təbiətə və insan sağlamlığına mənfi təsirlərin qarşısının alınmasına yönəlmiş tədbirlər və “Təmiz Şəhər” ASC-nin fəaliyyəti haqqında məlumat vermiş, tələbələrə seçdikləri peşə üzrə bilik və təcrübələrinin hər zaman təkmilləşdirilməsinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
“Gənclər Təmizlik Naminə” yay məktəbinin keçirilməsində təşkilati dəstək “Vətəndaş Cəmiyyətində Debat” İB-nə məxsusdur. “Gənclər Təmizlik Naminə” tələbələr üçün yay məktəbində iştirak tam ödənişsiz şəkildə həyata keçirilib və nəqliyyat, qida, yaşayış, təlim-tədris və asudə vaxtın təşkili xərcləri “Təmiz Şəhər”ASC tərəfindən qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR