Bank Of Baku

AMEA-nın I vitse-prezidenti Arif Həşimov: “Doktoranturaya qəbulun gələcəkdə də test üsulu ilə keçirilməsi nəzərdə tutulmur” - MÜSAHİBƏ

AMEA-nın I vitse-prezidenti Arif Həşimov: “Doktoranturaya qəbulun gələcəkdə də test üsulu ilə keçirilməsi nəzərdə tutulmur” - <font color=red>MÜSAHİBƏ</font>
# 01 sentyabr 2011 14:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimovun APA-ya müsahibəsi

- Bu gündən ilk dəfə olaraq Azərbaycanda doktoranturaya sənəd qəbulu başlayıb. Sizcə, bu qəbul necə keçiriləcək?

- “Təhsil haqqında” qanun qəbul ediləndən sonra Azərbaycanda ilk dəfə doktoranturaya sənədlərin qəbulu başlanıb. Bu proses sentyabrın 30-dək davam edəcək. Oktyabr ayında isə doktoranturaya qəbul imtahanları keçiriləcək. Əvvəlki illərdə aspiranturaya qəbul zamanı toplanmış təcrübə, eyni zamanda iki illik hazırlıq mərhələsi imkan verir ki, doktoranturaya qəbul müasir tələblər səviyyəsində keçirilsin. Sənədlərin qəbulundan sonra artıq məlum olacaq ki, bir yerə nə qədər sənəd təqdim olunub. Biz gözləyirik ki, bu il doktoranturada çox yüksək müsabiqə olsun. Artıq 2 ildir doktoranturaya qəbul olmadığından namizədləri hamısı yığılıb qalıb. Digər tərəfdən qəbul qaydalarına müvafiq olaraq bu il magistratura dərəcəsini bitirən gənclər də qəbulda iştirak hüququna malikdirlər.

- Hazırda Azərbaycanda alimlərin orta yaş həddi neçədir? Bu baxımdan ölkədə gənc doktorantlara ehtiyac nə qədərdir?

- Orta yaşı demədən və doktoranturaya qəbul keçirmədən də gənclərə elmi təşkilatlarda böyük ehtiyac var. Çünki elmdə mütləq gəncləşmə getməlidir. Artıq bu proses başlayıb. Elmin İnkişafı üzrə Milli Strategiyada qarşıya qoyulan məsələləri həll etmək üçün mütləq gənclər elmə gəlməlidir. Müasir tələblərə cavab verən elmi tədqiqatlar aparmaq, müasir avadanlıqlarla işləmək, hesablama texnikasından istifadə etmək üçün gənclər daha çox lazımdır. Azərbaycan 20 ildir ki, müstəqillik qazanıb. Bu illər ərzində formalaşan gənclər artıq Azərbaycanda elmin prioritet istiqamətlərini dünyanın prioritet istiqamətlərinə uyğun aparmalıdır. Gənclərin elmə gəlişi deyəndə onların yaşlı rəhbərlərini siyahıdan silmirik. Elmin inkişafının əsas parametrlərindən biri varisliyin qorunmasıdır. Yaşlı alimlərin təcrübəsindən indi daha çox istifadə etmək lazımdır.

- Doktoranturaya qəbul az qala iki il ləngidi. Əvvəlcədən bir ildə iki dəfə doktoranturaya qəbul aparılacağı deyilsə də, bu, baş vermədi. Səbəb nə oldu?

- Doktoranturaya ilk qəbulu həyata keçirdikdən sonra bu məsələyə baxılacaq. İki dəfə qəbul həyata keçirməyə ehtiyac var, yoxsa yox? Biz elmi kadrların hazırlığını “Təhsil haqqında” qanuna müvafiq olaraq təkcə doktorantura yolu ilə yox, həm də dissertantura yolu ilə hazırlayırıq. Dissertanturaya qəbul isə il boyu həyata keçirilir. Əgər ehtiyac yaranarsa, dissertantların sayını artırmaqla, bu boşluğu doldurmaq olar. Ona görə də ilk qəbul başa çatdıqdan sonra bu suala daha ətraflı cavab vermək olacaq.

- Bu il qəbul aparılan ixtisaslar arasında prioritet sahələr hansılardır?

- Elmin İnkişafı üzrə Milli Strategiyada prioritet elmi istiqamətlər müəyyənləşdirilib. Azərbaycanda əsas prioritet elmi istiqamətlərdən biri yer elmlərinin inkişafıdır. Azərbaycan neft ölkəsi olduğundan neftə aid elmi istiqamətlərin, bunlarla əlaqədar fizikanın, kimyanın, mexanikanın, tətbiqi riyaziyyatın inkişafı lazımdır. İndi bütün dünyada nano texnologiyalar geniş vüsət alır. Azərbaycanda bu sahə üzrə tədqiqatların aparılması prioritetlərdəndir. İndi elm o qədər inkişaf edib ki, ictimai humanitar elmləri dəqiq elmlərdən ayırmaq mümkün deyil.

- AMEA doktoranturada ödənişli qəbul ilə bağlı Tarif Şurasına müraciət etmişdi. Bununla bağlı bir yenilik varmı?

- Bizdə olan son məlumata görə, bu sənədə Taarif Şurasında deyil, Nazirlər Kabinetində baxılacaq. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, bu tariflər ya Nazirlər Kabineti tərəfindən, ya da elmi təşkilatları olan müəssisələrin tabe olduqları qurumlar tərəfindən müəyyənləşdiriləcək. AMEA akademiyanın müəssisələri üçün xarici vətəndaşlar və vətəndaşlığı olmayanlar üçün ödənişli təhsil haqqını müəyyənləşdirib. Qəbul qaydalarında da belə bənd yazılıb. Ancaq Azərbaycan vətəndaşları üçün bu məbləğ Nazirlər Kabinetinin yaxın vaxtlarda qəbul edəcəyi qərardan asılıdır. Bu il AMEA tərəfindən Azərbaycan vətəndaşları üçün doktoranturaya ödənişli təhsil həyata keçirilməyəcək.

- Doktoranturada təhsil alacaq xarici ölkə vətəndaşları ilə bağlı limit qoyulubmu? Bu yerlərin yalnız xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulması yaxşı olmazdımı?

- Doktoranturada “məqsədli yerlər” məsələsinə hələ baxılmayıb. Qəbul qaydalarında da göstərilib ki, doktoranturada “məqsədli yerlər” ola bilər. Azərbaycan diasporu özü müəyyən qədər “məqsədli yerlər” sifariş etsə, bu məsələyə baxıla bilər. Qəbul qaydaları bunu inkar etmir. Limit isə nəzərdə tutulmayıb. Qəbul qaydalarında nəzərdə tutulub ki, illik qəbul planları AMEA və Təhsil Nazirliyinin rəyləri əsasında Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Hər ilin planı hazırlanan zaman diaspora və digər təşkilatların təklifləri olarsa, o təklifləri Nazirlər Kabinetinə təqdim edə bilərik.

- Doktoranturaya qəbul imtahanları testlə keçirilməyəcək. Gələcəkdə bu imtahanların test yolu ilə keçirilməsi mümkündürmü?

- İmtahanlar test yolu ilə olmayacaq. Adi qaydada, hazırlanmış proqrama uyğun olaraq, müəyyən biletlər təşkil olunacaq. Namizədlər komissiya qarşısında bu biletlərə cavab verəcəklər və komissiya onların biliklərini qiymətləndirəcək. İmtahanın gələcəkdə test üsulu ilə keçirilməsi nəzərdə tutulmur. Biz hesab edirik ki, doktoranturaya qəbul olunanlar lövhə qarşısında biletlərə cavab versələr, daha effektlidir. Bu yolla onların tədqiqat aparmaq bacarığı da müəyyən dərəcədə qiymətləndiriləcək. Doktoranturaya qəbul imtahanları 3 fəndən - ixtisas, xarici dil və fəlsəfədən olacaq. Hansı təşkilatların bu imtahanları aparmaq imkanı yoxdursa, onlar bizə müraciət edirlər. Onların müraciətləri nəzərə alınaraq, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, həm də xarici dillər kafedrası doktoranturaya imtahanları həyata keçirə bilərlər. İxtisas fənlərinin imtahanını isə elmi müəssisələrin özləri həyata keçirməlidir. Doktoranturada həm əyani, həm də qiyabi təhsil nəzərdə tutulur.

- Doktorantların dərsə davamiyyəti necə olmalıdır? Çünki doktoranturada oxumaq istəyən şəxslərin hər biri hansısa müəssisədə çalışır.

- Fəlsəfə və elmlər doktorları olmaq istəyənlərin əsas vəzifəsi elmi-tədqiqat işlərinin aparılmasıdır. Eyni zamanda, qəbuldan sonra onlar namizədlik imtahanları verməlidir. Bu imtahanları onlar sərbəst şəkildə hazırlaşıb da verə bilərlər, təşkil olunmuş kurslara da gedə bilərlər. Mütəmadi olaraq dərslərə getmək və dərsə davamiyyət isə nəzərdə tutulmur.

- “Elm haqqında” qanun Milli Məclisin payız sessiyasında müzakirə olunacaq. Qanunda hansı yeniliklərin olacağı gözlənilir? AMEA-nın qanunla bağlı hansı təklifləri var?

- Qanun layihəsi hazırlanarkən Milli Məclis tərəfindən AMEA-ya müraciət olunmuşdu. AMEA da qanunla bağlı müəyyən təkliflərini verib. Hələlik layihə şəklində olan sənədin mətbuatda müzakirəsini məqbul hesab etmirəm.

- Belə fikirlər var ki, Azərbaycanda elmi adların verilməsi prosedurası çox çətindir. Bu proseduranın sadələşdirilməsi ilə bağlı AMEA Ali Attestasiya Komissiyasına təkliflər verə bilərmi?

- Bu məsələ bizim qarşımızda qoyulmayıb, bununla bağlı heç müzakirələr də getməyib. Ali Attestasiya Komissiyasının əsasnaməsi ölkə prezidenti tərəfindən təsdiq olunub. Elmi adların verilməsi də bu əsasnaməyə uyğun həyata keçirilir. Akademiyada isə bu məsələ gündəliyə çıxarılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR