Bank Of Baku

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Təşkilatının nümayəndə heyətini qəbul edib

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Beynəlxalq Əmək Təşkilatının nümayəndə  heyətini qəbul edib
# 28 sentyabr 2011 11:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov «Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: əsas hədəflər və nəticələr» mövzusunda Bakıda keçiriləcək konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Makfolsu və BƏT-in İşdə fundamental prinsiplər və hüquqlar üzrə Proqramının direktoru Kamran Fənnizadəni qəbul edib.

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə nazir vətəndaşların iş yerləri ilə təminatının dövlət siyasətinin prioritetlərindən biri olduğunu və son 7 ildə ölkədə 900 mindən artıq iş yerinin yaradıldığını qeyd edib. F.Ələkbərov bildirib ki, hazırda müasir inkişaf mərhələsində olan Azərbaycan üçün yeni hədəf - əmək potensialının keyfiyyətcə yüksəldilməsi və layiqli əməyin təminatıdır. Onun sözlərinə görə, bu məqsədə doğru konkret addımların atılmasında sosial tərəfdaşlarla əməkdaşlıq, üçtərəfli dialoqun həyata keçirilməsi mühüm rol oynayır: «Qarşıda duran əsas məram sosial tərəfdaşlıq prinsiplərinin ölkədə fəaliyyət göstərən transmili şirkətlərə də şamil edilməsindən ibarətdir. Transmilli şirkətlər ölkə iqtisadiyyatında mühüm yer tutmaqla bərabər, ayrı-ayrı humanitar layihələrin icrasına da həmişə fəal dəstək verir, eləcə də layiqli əməyin təcrübəyə malik olmaları səbəbindən cəmiyyətdə müsbət rəy qazanıb».

Nazir bildirib ki, bununla belə, həmin şirkətlərin bir qismində hələ də həmkarlar təşkilatlarının yaradılmaması, sosial tərəfdaşlıq prinsiplərinin formalaşmaması, bəzən illərlə orada çalışan yerli işçilərin peşə və ixtisas artımının təmin olunması üçün tədbirlərin görülməməsi, xaricdən gətirilənlərlə müqayisədə eyni işləri yerinə yetirən yerli işçilərə aşağı əmək haqlarının ödənilməsi, bu və ya xeyli sayda yerli işçinin eyni vaxtda işdən kənarlaşdırılması və s. hallar mövcuddur: «Belə halların aradan qaldırılması üçün transmili şirkətlərlə sosial tərəfdaşlıq şəraitində dialoqun sistemli şəkildə aparılması və həyata keçirilməsi vacib məsələlərdən biridir».

R.Makfols keçiriləcək konfransın milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin daha fəal iştirakı, həmin şirkətlərlə sistemli şəkildə sosial dialoqun inkişafı üçün effektli üsulların müəyyən edilməsi istiqamətində ilk və uğurlu bir addım olacağını bildirib.

Qeyd edək ki, «Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: əsas hədəflər və nəticələr» mövzusunda konfrans sentyabrın 29-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR