Bank Of Baku

Bakıda “Sərhədləri aşaraq uşaqları qoruyaq” adlı beynəlxalq konfrans keçirilib

Bakıda “Sərhədləri aşaraq uşaqları qoruyaq” adlı beynəlxalq konfrans keçirilib
# 29 sentyabr 2011 10:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan paytaxtında “Sərhədləri aşaraq uşaqları qoruyaq” adlı beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, Respublika Uşaq Təşkilatı, “Dont kill children!” və ABŞ-ın “Children Uniting Nations” təşkilatının “Keeping promise to our children” kampaniyası çərçivəsində reallaşan beynəlxalq konfransda uşaq problemləri müzakirə olunub, həmin problemlərin həlli yolları ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Konfransı giriş sözü ilə açan Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova Azərbaycanda uşaqların vəziyyəti barədə hesabatla çıxış edib, valideyn himayəsindən məhrum azyaşlılara dövlət qayğısından söz açıb, bu sahədə həyata keçirdiyi çoxsaylı layihələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirib.

ABŞ-ın “Children Uniting Nations” təşkilatının sədri Dafna Ziman təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, Azərbaycan hökuməti və QHT-lərlə uşaq siyasəti sahəsində sıx əməkdaşlıq etmək istədiklərini söyləyib. D. Ziman ABŞ-ın Azərbaycanda və ölkə hüdudlarından kənarda uşaq hüquqlarının qorunması istiqamətində gördüyü işlərə və həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondunun prezidenti səfiri Mehriban Əliyevaya verilmək üçün xüsusi mükafat təqdim edib.

Ombudsman Elmira Süleymanova ölkədə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, şəbəkə şəkilində çalışmaqla uşaqların problemlərinin həllinə nail olmaq mümkündür.

ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı Zeyno Baran diqqəti insan alverindən əziyyət çəkən azyaşlıların qarşılaşdığı problemlərə yönəldib. O, yeniyetmə yaşlarında qızların ərə verilməsinə də toxunub: “Bəzi ailələr qız övladları olacağını biləndə tibbi müdaxilə ilə ondan imtina edirlər. Bu, həm Azərbaycanda, həm də dünyada bir problemdir. Belə getsə, kişilər ailə qurmaq üçün qadın tapa bilməyəcəklər. Məsələn, mənim həyat yoldaşım qızımız olmasını çox istəyirdi. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün övladı olmamışdı və o, iki qızı uşaqlığa götürmüşdü. Mən müsəlman olduğum üçün onu da bilirəm ki, Məhəmməd Peyğəmbərin də övladlarından ən əzizi Fatimeyi-Zəhra olmuşdu”. Z. Baran qadınlara münasibətin dəyişilməsi üçün ictimai maarifləndirməyə ehtiyac olduğunu da söyləyib.

Konfransda millət vəkilləri Asim Mollazadə, Qənirə Paşayeva, Rəbiyyət Aslanova uşaq siyasəti ilə bağlı Milli Məclisdə qəbul olunmuş qanunvericilik aktları barədə geniş məlumat veriblər.

Daha sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilib.

Sonda Azərbaycanın Respublika Uşaq Təşkilatı ilə ABŞ-ın “Children Uniting Nations” təşkilatı arasında qarşılıqlı əməkdaşlıq barədə niyyət protokolu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR