Bank Of Baku

Misir Mərdanov ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti ilə görüşüb

Misir Mərdanov ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti ilə görüşüb
# 29 sentyabr 2011 13:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov bu gün ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti Mark Beker, universitetin Robinson Biznes Kollecinin dekanı Fenvik Hass, universitetin professoru Bijan Fəzlullahi ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə M. Mərdanov 20 il öncə Azərbaycanda özəl ali təhsil müəssisəsinin mövcud olmadığını deyib. Nazir bildirib ki, hazırda ölkədə 15 özəl universitet fəaliyyət göstərir. M. Mərdanov Corciya Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti və Odlar Yurdu Universiteti arasında əlaqələrin yaradıldığını bildirib. Nazir qonaqların ölkəmizə səfərinin və keçiriləcək görüşlərin Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsinə, onların inkişafına təkan verəcəyinə inandığını deyib.

M. Beker Corciya Dövlət Universiteti ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib. O, Azərbaycan Universiteti ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən bəhs edib. ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən və aparıcı tədqiqat universitetlərindən olan Corciya Dövlət Universitetinin dünya universitetləri ilə əlaqələrindən danışan M. Beker rəhbərlik etdiyi ali məktəbdə azərbaycanlı gənclərin ali təhsilin bütün səviyyələrində təhsil alması arzusunda olduğunu bildirib.

B.Fəzlullahi isə Azərbaycan Universitetində birgə reallaşdırılan təhsil proqramları üzrə təhsil alan tələbələrin cari ilin dekabrında məzun olacağını deyib və bu işi əməkdaşlığın əhəmiyyətli nəticəsi kimi dəyərləndirib. Eyni zamanda qonaq qeyd olunan proqramlar üzrə qarşıya çıxan müəyyən çətinliklərdən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR