Bank Of Baku

Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri Azərbaycana gələcək

Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri Azərbaycana gələcək
# 30 sentyabr 2011 13:29 (UTC +04:00)
Bakı-APA. Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri, professor-doktor Eva-Maria Auxun rəhbərliyi ilə Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının bir qrup tələbə və doktorantı oktyabrın 2-də Azərbaycana gələcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azad Rəhimovun dəvəti ilə baş tutan səfərin əsas məqsədi Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasında təhsil alan alman tələbələrini Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda onların müxtəlif mövzular üzrə fərdi araşdırmalar aparmaları üçün şərait yaratmaqdır.

Qeyd edək ki, Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrası 2010-cu ildə yaradılıb. Kafedranın fəaliyyətinin əsas istiqamətləri Azərbaycan tarixinin tədqiqi, tədrisi, ölkəmizin tarixinə dair araşdırma və digər məsələlərdə Azərbaycanın müvafiq elmi qurumları ilə əməkdaşlıq, elmi tədbirlərin keçirilməsi, Azərbaycan tarixi ilə bağlı elmi-tədqiqat işlərinə, o cümlədən diplom işlərinə və dissertasiyalara elmi rəhbərlik, qarşılıqlı olaraq tələbə, elmi işçilərin mübadiləsi, Azərbaycanın müvafiq elmi-tədqiqat qurumları ilə birgə elmi tədqiqatların aparılması, elmi nəşrlərin həyata keçirilməsi, Azərbaycan tarixinə dair kitabxananın yaradılmasıdır.
Azərbaycana səfərlərinin ilk günü qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək, Gənclər və İdman Nazirliyində görüş keçirəcək və Heydər Əliyev Fondu ilə tanış olacaqlar. Bakı şəhərinin tarixi yerləri ilə tanışlıqdan sonra qonaqlar Almaniyanın Azərbaycandakı Səfirliyində “Almaniyanın birliyi günü” nə həsr olunan tədbirə qatılacaqlar.
Səfər proqramına əsasən qonaqların Bakı Dövlət Universitetində tarix fakültəsinin professor-müəllim və tələbə heyəti, “İrəli” Gənclər İctimai Birliyinin baş ofisində tələbə və gənclər hərəkatının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. Azərbaycan tarixi ilə daha yaxından tanış olmaq üçün onlar Azərbaycan Tarix Muzeyini ziyarət edəcək və şəhər gəzintisində olacaqlar.

Daha sonra nümayəndə heyətinin Qəbələ, Şəki, Göygöl rayonlarına və Gəncə şəhərinə səfəri gözlənilir. Oktyabrın 13-də bitəcək səfərin sonunda qonaqlar elmi araşdırmaları və qeydləri barədə müzakirələr aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR