Bank Of Baku

Professor Arif Məmmədov: “Vaxtilə Volqadan Xəzərə, oradan da Kür çayına gəmilər işləyirdi və yük daşınırdı” – FOTOSESSİYA

Professor Arif Məmmədov: “Vaxtilə Volqadan Xəzərə, oradan da Kür çayına gəmilər işləyirdi və yük daşınırdı” – <font color=red>FOTOSESSİYA </font>
# 11 oktyabr 2011 12:45 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. “Salyandakı arxeoloji qazıntı işləri rayonun Çuxanlı və Babazanlı kəndləri arasındakı Babazanlı karxanası deyilən ərazidə aparılır. Belə bir yerdə yaşayış məskəninin tapılması təbii haldır. Ona görə ki, yunan tarixçisi Strabon antik dövrdə əsas yaşayış məskənlərinin Kür çayı boyunca salındığını yazıb. Vaxtilə Volqa çayından Xəzər dənizinə, oradan da Kür çayına gəmilər işləyirdi və yüklərin bir hissəsi quru yolla daşındığı kimi, su yolu ilə də daşınırdı. Digər tərəfdən, həmin abidənin yerləşdiyi yerdən Ərdəbil-Dərbənd karvan yolu keçirdi. Həm quru yolla və həm də su yolu ilə gətirilən yüklər həmin yerdə - indiki Salyan ərazisində boşaldılırdı. Alış-veriş, ticarət işləri aparılırdı. Yeri gəlmişkən, elə Salyan sözünün mənası da salın yan aldığı yer deməkdir. Yüklərin boşaldığı yer salların yan aldığı Salyanda baş verirdi”. Bu sözləri APA-ya açıqlamasında Salyanda aparılan arxeoloji qazıntıya rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov deyib.

A. Məmmədov bildirib ki, Salyanda tapılan maddi-mədəniyyət qalıqları birinci qazıntı sahəsində bizim eradan əvvəl 2-ci əsrdən bizim eranın 2-ci əsrinə qədər, ikinci qazıntı sahəsində isə bizim eradan əvvəl 4-cü əsrdən bizim eranın 3-cü əsrinə qədər dövrü əhatə edir: “Birinci qazıntı sahəsində 5 küp qəbir aşkarlanıb, ikinci qazıntı sahəsində isə hələlik 4 küp qəbir aşkarlanıb, amma burada tapılan məişət əşyaları, maddi-mədəniyyət qalıqları daha zəngindir. Buranın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, yaşayış yeri ilə qəbristanlıq eyni ərazidə yerləşir. Məsələn Yevlax, Mingəçevir, Qarabağ və Gəncə ətrafında olan antik qəbirlərdə küp qəbirlərin ətrafında avadanlıqlar çoxluq təşkil edir. Bir qəbirin ətrafında 30-50 avadanlıq var, amma burda 1-2 avadanlıq görmək olur. Bu da yerli adət-ənənələrlə bağlıdır. Bu adət-ənənələr indi də saxlanılır. Bu ərazilərdə adət belə idi ki, ölən adam basdırılarkən ona məxsus əşyalar onun yanına qoyulardı, amma digər ərazilərdə belə idi ki, dəfnə gələn insanların gətirdikləri əşyalar da ölən insanın yanında basdırılardı”.

Alim deyib ki, eramızdan əvvəl 4-cü əsrə aid olan küp qəbirlərin üstündə müəyyən təsvirlər var: “Bu, türklərin şamanizmlə bağlı olan təsvirləridir. Bu, albanlarla türklərin məişətdə eyni xüsusiyyətlərə malik olduğunu göstərən əlamətlərdir. Küplərin eləsi var ki, orda skeletin baş hissəsi küpün ağzına doğrudur. Görünür, hansı yerdə ki, ölünü küpün ağzından yerləşdirmək mümkün olubsa elə ediblər. Harada ki skelet böyükdür, küpün içərisinə yerləşmir, onda həmin küplərin ayaq hissəsini kəsib skeleti ora ayaqdan tərsinə yerləşdiriblər. Elə materiallar tapılıb ki, hətta eramızdan əvvəl 6-5-ci əsrə aiddir. Bu ərazi demək olar ki, Salyan ərazisində ilk yaşayış məskənidir”.

Qeyd edək ki, Salyanda yaşı 2500-dən çox olan qədim yaşayış məskəni aşkar edilib. Hazırda ərazidə arxeoloji qazıntılar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR