Bank Of Baku

“Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda dəyirmi masa keçirilib
# 13 oktyabr 2011 13:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən şuranın sədri Azay Quliyev QHT sektorunun 20 il ərzində keçdiyi yola diqqət yetirib, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr haqda danışıb. Onun sözlərinə görə, QHT sektoru müstəqillik dönəmində ötən 20 ildə böyük inkişaf yolu keçib: “1997-2003-cü ildə BMT İnkişaf Proqramı ilə Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi” proqramının reallaşdırılması ictimai sektorda mühüm irəliləyişlərə gətirib çıxarıb. Bu proqramın icrası nəticəsində Bakıda və bir sıra regionlarda QHT resurs və təlim mərkəzləri yaradıldı. Bu müddət ərzində Milli QHT Forumu və digər QHT koalisiyaları formalaşdı”. A. Quliyev 2007-ci ildə “Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsinin ölkədə ictimai sektorun inkişafı üçün yeni mərhələ açdığını qeyd edib: “Konsepsiya əsasında yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə QHT-lər dövlət büdcəsindən maliyyə yardımı almağa başladılar. Bununla ölkədə milli donor institutunun formalaşması istiqamətində ciddi addım atıldı və Azərbaycan QHT-ləri xarici donorların asılılığından azad oldu”.

Tədbirdə qeyd olunub ki, 4 illik fəaliyyəti dövründə şura 1000-dən çox QHT layihəsinə 7,5 milyon manatdan artıq vəsait ayırıb.

Yığıncaqda dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə şuranın nəşr etdiyi “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının təqdimatı olub. Kitab Azərbaycan QHT-lərinin yaranmasında və inkişafında xüsusi xidmətləri olmuş dövlət məmurları, Milli Məclis deputatları və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələrindən ibarət topludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR