Bank Of Baku

Azərbaycanda quduzluq xəstəliyinin yayılmasında əvvəlki illərə nisbətən artım müşahidə olunur

Azərbaycanda quduzluq xəstəliyinin yayılmasında əvvəlki illərə nisbətən artım müşahidə olunur
# 24 oktyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanda vəhşi heyvanlar arasında quduzluğa qarşı profilaktika tədbirlərini gücləndirmək məqsədilə həmin heyvanların oral üsulla, yemləmə vasitəsilə peyvəndlənməsi üçün layihənin hazırlanmasına beynəlxalq ekspertlər cəlb olunub. Layihə üzərində işlərin ilin sonlarında başa çatdırılması və gələn ilin əvvəllərində onun hökumətə təqdim edilməsi planlaşdırılır”. Bu sözləri APA-ya Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, Azərbaycanda quduzluq xəstəliyinin əvvəlki illərə nisbətən artması müşahidə olunur: “Bunun əsas səbəblərindən biri erməni qəsbkarları tərəfindən işğal olunmuş ərazilərdə meşələrin, əkin yerlərinin yandırılıb talan edilməsi nəticəsində vəhşi heyvanların, gəmiricilərin sərhədyanı və digər rayonların ərazilərinə miqrasiya edərək populyasiyalarının artmasıdır. Quduzluq xəstəliyinin artmasına təbii fəlakətlərin təsiri də qaçılmazdır. Bu amilin təsiri nəticəsində xəstəliyin törədicisini yayan heyvanların, canavar, tülkü, çaqqalların yerdəyişməsi, onların sayının durmadan çoxalmasına səbəb olur. Bu da bir sıra rayonlarda kənd təsərrüfatı heyvanlarını, hətta, insanları vəhşi heyvanların hücumuna məruz qoyur”.

Y. Xanvəli bildirib ki, bu artım təkcə Azərbaycanda yox, digər ölkələrdə də müşahidə olunur: “Vəhşi təbiətdə xeyli yayılmış quduzluq xəstəliyi beynəlxalq təşkilatları narahat etməyə başlayıb. Bu xəstəliyin qarşısının alınması məqsədilə Şərqi Avropa və Asiya ölkələrinin iştirakı ilə beynəlxalq seminarlar keçirilib, hər bir ölkə, o cümlədən Azərbaycan üçün tədbirlər planının hazırlanmasına başlanılıb”.

Qeyd edək ki, bu ilin 9 ay ərzində quduzluq xəstəliyinə qarşı Azərbaycanda 242637 itdə profilaktik peyvəndləmə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR